Son yeniləmə: 21 May 2024 09:37
Yaxud Şəmil Sadiq türk dünyasına xidmət edən daha bir layihənin əsasını qoyur
BAYRAQDAR MEDİA – Bu bir həqiqətdir ki müasir dövrdə türk dünyasında daha da dərin integrasiyanın olması, türk birliyinin formalaşması ən aktual məsələlərdən biri kimi ön sırada dayanır. Yəni uzun illər ata-babalarımızın arzuladıqları Böyük Turanın qurulması istiqamətində artıq mühüm addımlar atılır, səmərəli işlər görülür. Heç şübhəsiz ki, bu işlərin görülməsində, bu addımların atılmasında da Azərbaycan və Türkiyə prezidentlərinin xüsusi rolu, əməyi var. Məhz onların qardaşlığından və qətiyyətindən güc alan siyasət nəticəsində bu gün Türk Dövlətlər Təşkilatı artıq qlobal məkanda da tanınır, qəbul edilir.
Təbii ki, bütün bunları alqışlamaqla yanaşı bizlər də sözügedən istiqamətdə siyasətin uğurlu olması üçün üzərimizə düşən vəzifələrin məsuliyyətini dərk etməli, hər kəs öz sahəsində bu işə dəstək olmalıdır. Bu baxımdan Dos. Şəmil Sadiqin atdığı addımlar, həyata keçirdiyi işlər, rəhbərlik etdiyi layihələr təqdirəlayiqdir.
Xəbər verildiyi kimi mayın 27-də Bakıda türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında I Türk İnteqrasiya Olimpiadasının final turu və Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçiriləcək. Olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagirdin iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadasının da ideya müəllifi və layihə rəhbəri məhz, Dos. Şəmil Sadiqdir. Bu ideyanın yaranma səbəbinə gəlincə Şəmil Sadiq bildirib ki, andiçmə mərasimində cənab Prezident İlham Əliyevin dediyi tarixi fikirlər Türk İnteqrasiya Olimpiadasının mayakı oldu: “Həmin çıxış zamanı cənab Prezident bəyan etdi ki, “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacaq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir”. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır” . Bu, əslində hər bir azərbaycanlı üçün bir çağırışı idi. Biz də bundan irəli gələrək Türk İnteqrasiya Olimpiadasının keçiriləməsi ideyasını irəli sürdük. Şükürlər olsun ki, ideya artıq reallığa çevrilir”.
Məlumat üçün bildirək ki, Türk İnteqrasiya Olimpiadası 10 ildən çoxdur, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Olimpiadanın dörd əsas məqsədi var: Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək; Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması; Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması; Türk xalqlarının dildə, fikirdə, işdə birliyinin fərqində olmaları və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etmələri”.
Şəmil Sadiq deyib ki, Olimpiadanın əhatə dairəsi Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Güney Azərbaycan, KKTC, Tatarıstan, Krım, Qaraçaylar, Gagauziya, Çuvaşiya, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Batı Trakya, Kərkük türkləridir: “Artıq bu günə kimi Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Kərkük(İraq) , Gürcüstan, Kuzey Kıbrıs və Türkmənistan olimpiadada iştirakını təsdiqləyib. Onu da deyim ki, olimpiadada Naxçıvan məktəbliləri də iştirak edəcəklər”.
Şəmil Sadiq BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında onu da əlavə edib ki, olimpiadanın medalları da hazırdır: “Əminik ki, bu, türk dünyasının daha da dərin inteqrasiyası yolunda atılmış addımlardan biri kimi tarixdə öz yerini tutacaq. Həmçinin bu olimpiadanın davamlı olması əsas məqsədlərimizdəndir. Kim bilir, bəlkə də bu olimpiadanın iştirkaçıları gələcəkdə türk dövlətlərinin idarəçiləri olacaq”.
Mən də bu yazıya məhz Şəmil Sadiqin sonuncu sözlərinə bir əlavə etməklə nöqtə qoymaq istərdim. 1990-cı ilin sonu 1991-ci ilin əvvəlində Azərbaycanda ilk dəfə məktəblilər arasında siyasi biliklər olimpiadası keçirildi. Üç mərhələsi şifahi keçirilən olimpiada da ən yüksək bal toplayanlar final mərhələsinə Bakıya dəvət olunmuşdular. Finalçılar arasında bəndəniz də vardı. Qeyd edim ki, həmin vaxt olimpiadanın finalçıları olan məktəblilər bu gün Azərbaycanda müxtəlif sahələrdə tanınır, dövlətə layaqətlə xidmət edirlər. Bəxtiyar Aslanbəyli, Mətin Mirzə, Gündüz Rüstəmxanlı, Elgiz Əkbər və s. bu kimi şəxslər məhz bəhs etdiyim olimpiadanın finalçıları idi. Əminəm ki, həmin olimpiada bizlərə gələckdə daha uğurlu addım atmaq üçün təkan rolunu oynadığı kimi, Türk İnteqrasiya Olimpiadası da finalçılara türk dünyasında gələcəkdə mühüm yerlərdə mövqe tutmaq üçün təkan rolunu oynayacaq.
Bütün hallarda bu olimpiada “Hədəf”in Turan hədəfinə doğru inamla addımladığını bir daha sübut edir.