BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Urmiya və Rəşt şəhərlərində yaşayan milli fəallar Tahir Salar Əfşar və Vədud Əsədi “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə əlbir olmaq və toplaşmaq”, “hökumət əleyhinə təbliğat”da təqsirkar bilinərək məhkəməyə çağrılıb.
Bu barədə xəbəri GünAz.TV yayıb.
Xəbərdə deyilir ki, “mayın 20-də Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi hər iki fəala çağrış məktubu göndərib. Fəallardan iki gün ərzində adı çəkilən məhkəmədə olmaları və barələrində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı etmələri istənilib”.
Məlumata görə, bundan əvvəl Gilan əyalətinin Rəşt şəhərində yaşayan Vədud Əsədi saxlanılaraq Tehranın Evin həbsxanasının təhlükəsizlik bölməsinə köçürülsə də martın 9-da 800 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı. Eləcə də digər fəal Salar Tahir Əfşar fevral ayının 6-da həbs edilərək Tehranın Evin həbsxanasına göndərilib. O da fevralın 28-də 800 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.
Hər iki fəal dinc fəaliyyətinə görə İranı idarə edən fars-molla rejimi tərəfindən bir neçə dəfə həbs olunub.