Press "Enter" to skip to content

TÜRKSOY, ADA və ADMİU rəhbərliyi “Əsrə bərabər gün”də

Tamaşa uğurla başa çatdı

BAYRAQDAR MEDİA – Mayın 19-da TÜRKSOY-un Baş katibi Sultan Rayev, ADA Universitetinin rektoru, Prof. Hafiz Paşayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Prof. Ceyran Mahmudova, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı və ADA Universitetinin kollektivi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşasına baxıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “səhnə əsərini yüksək qiymətləndirən qonaqlar tamaşanın türkdilli ölkələrdə keçirilən teatr festivallarında nümayişini təklif edib, qastrol səfərlərinin təşkili ilə bağlı müzakirə aparılıb. Qeyd edək ki, aprelin 24-də Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Caparovun iştirakı ilə Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi keçirilib. “Əsrə bərabər gün” tamaşasının müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur”.

Sonra xəbərdə, “tamaşanı Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində hazırda yaşanılan əsrə baxış adlandırmaq olar. Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yolla başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı ora buraxılmır. Əsərdə bu hadisə – Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də tamaşada əcdadlarına, torpağına sahiblik hissinin olmaması günahı kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz qalaktikada da yeri olmayacaq. Tamaşa bağlanmış yol – “giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub. Əgər əsər yaddaşını itirib manqurta çevrilən nəslin faciəsindən, qədim yurd yerlərində salınan kosmodromla davam etməsindən bəhs edirsə, tamaşa yaddaşını könüllü itirənlərə, könüllü manqurta çevrilənlərə, əcdadlarının harada dəfn edilməsinin fərqində olmayan, genetik kodunun hansı torpağa aid edilməsini bilməyənlərə torpaq haqqında rəvayətdir” deyə bildirilir.

Xəbərdə həmçinin deyilir ki, ““Əsrə bərabər gün” əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsidir. Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı (Yedigey), Əli Nur (Tansıkbayev – müstəntiq), Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Bəsti Cəfərova (Nayman Ana), Rafiq Əzimov, Hacı İsmayılov (Nayman tayfa başçısı), Sabir Məmmədov (I Mühəndis), əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Elşən Rüstəmov (Abutalıb Kuttubayev), Anar Heybətov (Sabitcan), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli) və digərləri iştirak edirlər”.

Bildirək ki, səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Qrafika və montaj işi Binyamin Sailov, Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.

Tamaşanı Nərmin Həsənova, Ceyran Başaran və Dilbər İsmayılova idarə edib.

Mission News Theme by Compete Themes.