BAYRAQDAR MEDİA – Mayın 19-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Pierre Cullifordun “Şirinlər” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın 50-ci nümayişi keçirilib.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “uşaqların sevimli tamaşalarından biri olan “Şirinlər”in quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynlidir. Səhnə əsərində Əməkdar artist Rasim Cəfər, aktyorlar Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Asya Atakişiyeva, Nuranə Hüseynova, Elgün Yəhyayev, Anar Səfiyev, Hökümə Rəhimzadə, Ramil Şamiloğlu, Könül Əbilova rol alıb”.
Sonra xəbərdə, “Şirinlər ailəsi əsl həqiqətdə bir-biri ilə şirin münasibətdədirlər. Lakin belə münasibəti gözü götürməyən Qarqamel kimi şər qüvvəli varlıqlar onların arasına nifaq salmağa çalışırlar. Lakin birlik və ağıl bütün pisliklərin qarşısını alır. Bir hissəli bu macəra tamaşası uşaqları qarşılıqlı yardımlaşmağa, ailədə mehribanlığa, dostluqda sədaqətə səsləyir. Tamaşada darda olan dostlara kömək etmək, sədaqət, humanizm kimi gözəl ideyalar əksini tapır. Çox gözəl nağıl dekorasiyası, maraqlı rəqsləri, mahnı və musiqiləri olan bu tamaşa uşaqların əylənməsi və mənəvi qidalanması üçün gözəl vasitədir” deyə qeyd edilir.