Son yeniləmə: 21 May 2024 09:03
Hüseyin Büyükfırat: 19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramının fəlsəfəsinə uyğun olaraq bayram şənlikləri üçün bu məkanı seçdik
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi hər il 19 May- Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə qardaş Türkiyədə, o cümlədən Azərbaycanda çeşidli tədbirlər keçirilir. Bu il də ənənəyə sadiq qalındı.
Bu tarixi gün münasibətilə keçirilən tədbirlərdən biri isə xüsusilə yaddaqalan oldu. Çünki Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkil etdiyi bayram tədbiri rəngarəng proqramlarla zəngin idi.
Burada insan həm ruhən, həm də fiziki olaraq qidalanır, sağlam mühitdə olur
Öncə bir məqamı qeyd edək ki, Siyəzən rayonundakı Beşbarmaq dağında təşkil edilən aksiyanı diqqət mərkəzinə gətirən məqamlardan biri bayram şənliyinin məhz təbiət qoynunda, açıq havada keçirilməsi idi.
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın BAYRAQDAR MEDİA-ya verdiyi özəl açıqlamada qeyd etdiyi kimi bu da təsüdufi deyildi: “Biz bu tədbiri burada, açıq havada, yaşıl təbiətin qoynunda keçirmək barədə qərarı heç də təsadüfi verməmişik. Əvvəla bura, Beşbarmaq dağı Azərbaycanın ən gözəl və saf havası olan guşələrindən biridir. Bura həm də müqəddəs dini məkanlardan biri kimi tanınır. Yəni burada insan həm ruhən, həm də fiziki olaraq qidalanır, sağlam mühitdə olur”.
H.Büyükfırat dedi ki, TÜİB də həm bu, həm də digər məqamları nəzərə alaraq bayrama özəl doğa etkinliyi üçün məhz bu məkanı seçib: “19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramının fəlsəfəsinə uyğun olaraq bayram şənlikləri üçün bu məkanı seçdik. Çünki proqramımıza müxtəlif idman yarışları, o cümlədən paraşütlə uçma da daxildir. Yəni dahi Atatürkün xüsusi önəm veridyi gənclər və uşaqlar həm saf, təmiz hava qoynunda dincələcək, həm də bayramın fəlsəfəsinə uyğun oaraq yaddaqalan idman yarışlarında iştirak edəcəklər”.
“Qərara gəldik ki, tədbiri təbiət qoynunda keçirək və sonda bu ərazidə 105 ağac tingi əkək”
H.Büyükfırat əlavə etdi ki, tədbirin təbiət qoynunda keçirilməsi barədə verilən qərar həm də digər vacib bir məqamla bağlıdır: “Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Biz də TÜİB olaraq bu ilin anlamına uyğun olaraq, həmçinin 2024-cü ilin noyabırında Azərbaycanın mühüm bir beynəlxalq tədbirə, COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq bu il üzrə fəaliyyət planımızın mühüm bir hissəsini bu məsələlər istiqamətində qurmuşuq. Bu tədbirin planlaması müzakirə edilərkən də qərara gəldik ki, tədbiri təbiət qoynunda keçirək və sonda bu ərazidə 105 ağac tingi əkək. Ağac tinglərinin əkilməsi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanda görülən işlərə bizim də bir dəstəyimizin ifadəsidir”.
Qeyd edildi ki, ağac tinglərinin sayının 105 olması isə dahi Mustafa Kemal Atatürkün məhz 105 il əvvəl mayın 19-da Samsuna çıxışının simvolu kimi nəzərdə tutulub.
Bu kimi tədbirlər gələcəkdə də keçiriləcək
TÜİB sədri sonda, “Mustafa Kemal Atatürk hər zaman uşaqlara və gənclərə mühüm önəm verib. Biz də 19 may tədbirinin daha da anlamlı olması üçün bura əsasən uşaq və gəncləri, xüsusilə də şəhid ailələrindən olan uşaqları dəvət etmişik. Onlar üçün zəngin proqramlar nəzərdə tutulub. Əminəm ki, hər kəs bu proqramlardan zövq alacaq. Onu da deyim ki, bu kimi tədbirləri gələcəkdə də keçirəcəyik” dedi.
Bayram proqramları paraşütdən uçma ilə başladı
Beləliklə, Bakıda yaşayan Türkiyə vətəndaşları, şəhid yaxınları və övladları, çoxlu sayda vətəndaşın iştirak etdiyi, Azərbaycanın təbii gözəlliklərindən sayılan Beşbarmaq dağının ətəklərində keçirilən tədbirdə yamac paraşütü, təbiət gəzintisi, uçurtma festivalı kimi fəaliyyətlər həyata keçirildi.
Bayram proqramları paraşütdən uçma ilə başladı. Serdar Şahinin rəhbərlik etdiyi Azərbaycan Yamac Paraşütü Birliyinin üzvləri paraşütü uçuşları təqdim etdilər. Eyni zamanda, tədbirə qatılan sadə vətəndaşlardan da arzu edənlər birlik üzvlərinin köməyi ilə özlərini bu idman növündə sınadılar. Yəni bəzi iştirakçılar yamac paraşütləri ilə uçaraq Beşbarmaq dağının mənzərəsini quşbaxışı ilə izləmək imkanı qazandılar.
Rəngbərəng çərpələnglər, sehirbazən sehri, ebrunun enerjisi…
Adrenalin dolu anların yaşandığı bu proqram yeirni uşaqların çərpələng uçurmasına verdi. Burada da TÜİB fərqi öz sözünü deyirdi. Çünki qurum oradakı uşaqlar, hətta arzu edən böyüklər üçün də əvvəlcədən rəngbərəng çərpələnglər almışdı.
Özünü çərpələng uçurmağın sehrinə qapdıranlar arasında TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, ATİB-in keçmiş başqanı, tanınmış türkiyəli iş adamı Cemal Yanğın da vardı.
Cemal Yanğından söz düşmüşkən, qeyd edək ki, onun da daxil olduğuğu motosikletçilər heyəti tədbirin keçirildiyi məkana daxil olanda hər kəsdə bir maraq oyandı. Heyətə isə Cemal bəylə yanaşı KKTC-nin Bakıdakı nümayəndəliyinin müşaviri Ulaş Kıvılcım, TÜİB-in mədəniyyət və təhsil komissiyaaının sədri Ragıp Sarı və digər bir neçə iş adamı daxil idi.
Fürsətdən istifadə edib həm onlarla şəkil çəkdirdik, həm də motosiklet sevdasının necə yaranması barədə bəzi məlumatlar aldıq. Bu barədə başqa bir yazımızda geniş bəhs edəcəyik.
Hələlik isə qayıdaq tədbir məkanına. Hansı ki, burada iştirkaçılara başqa mədəni proqram və təlimlər də təqdim edildi. Məsələn, ebru ustası Sevinc Əliyevanın ustad dərsləri iştirkaçılar tərəfindən xüsusi maraqla qarşılandı. Hətta xeyli sayda yaşlı, gənc və uşaq ebrunun enerjisindən güc alaraq, bu sahədə özlərini sınamaq qərarına gəldilər.
Yan tərəfdə isə sehirbaz Ramiz Ələkbərov bir-birindən maraqlı proqramlarla ətrafdakıları heyran etmişdi. Zaman-zaman ətarfdakıları mərkəzə dəvət edən Ramiz Ələkbərovun çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Tezliklə yenidən Beşbarmaqda görüşənədək
Sonda isə TÜİB-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ərazidə 105 ağac tingi əkildi.
Bununla da hələ uzun müddət yaddaşlarda öz yerini qoruyacaq, ən əsası isə 19 May – Atatürkü Anma, Gəncvlik və İdman Bayramının fəlsəfəsinə uyğun olaraq təşkil eeilən bir bayram şənliyi başa çatdı. Lakin oradan ayrılanlar bir-birinə “hələlik”, yaxud da “yaxşı yol” demirdilər.
Hər kəsin dilində bir kəlmə vardı – Tezliklə yenidən Beşbarmaqda görüşəndək.