Son yeniləmə: 20 May 2024 10:42
Eylem Gültekin: Mustafa Kemal Atatürkün adı ilə bağlı olan bütün bayramlar, tarixi günlər məhz uşaqlara və gənclərə həsr edilib
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi hər il 19 may tarixi qardaş Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramı kimi qeyd olunur. Bu münasibətlə hər il istər Türkiyədə, istərsə də xaricdə bir çox tədbirlər keçirilir.
Təbii ki, 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı Azərbaycanda da yüksək çoşqu ilə qeyd edilir. Bu dəfə də ənənəyə sadiq qalınıb.
Bu tarixi gün münasibətilə ilə tədbirlərin biri isə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində keçirilib.
Liseydən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, ziyalılar, həmçinin Liseyin müəllim heyəti və şagirdlər iştirak edib.
Vətən uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi, o cümlədən Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Liseyin müdiri Eylem Gültetkin açılış nitqi edib.
Çıxışda 19 mayın Türkiyə Cümhuriyyətin tarixindəki önəmindən, dahi Mustafa Kemal Atatürkün qəhrəmanlığından ətraflı bəhs edilib.
E.Gültəkin deyib ki, M.K.Atatürk uşaqları və gəncləri çox sevirdi. Ona görə də onun adı ilə bağlı olan bütün bayramlar, tarixi günlər məhz uşaqlar və gənclərə həsr edilib.
Lisey müdiri çıxışında Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərindən danışıb. İki ölkə arasında inkişafın daim yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdıran E.Gültekin təhsil sahəsində əlaqələrin də davamlı xarakter daşıdığını deyib.
Sonra söz Liseyin şagirdlərinə verilib. Tədbir çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün “mən idmançının ağıllı, çevik və əxlaqlı olanını sevirəm” sözləri çərçivəsində şagirdlər tərəfindən maraqlı idman nümunələri göstərilib. Həmçinin, türkün gücünü nümayiş etdirən hərbi məzmunlu kompozisiya nümayiş etdirilib.