Press "Enter" to skip to content

50 minə yaxın şagird monitorinqdə iştirak edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 20 May 2024 10:30

BAYRAQDAR MEDİA – Mayın 19-da paytaxtda ümumi təhsil müəssisələrinin VI siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Paytaxt üzrə monitorinq üçün ayrılan 91 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb. Təhsilalanlara tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.cMonitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edib”.

Məlumata görə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə və digər struktur bölmə rəhbərləri monitorinq prosesini izləyiblər: “Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Qeyd edək ki, mayın 18-də ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib. Ölkə üzrə 18-19 may tarixlərində IV və VI sinif şagirdlərini əhatə edən monitorinqlərdə 300 min nəfərə yaxın şagird iştirak edib”.

Mission News Theme by Compete Themes.