Press "Enter" to skip to content

2024-cü ildə Ali Məclisə seçkilərin keçirilməsi nəzərdə tutulur

İclas zamanı

Son yeniləmə: 20 May 2024 16:15

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin müzakirəsinə tövsiyə edilib

BAYRAQDAR MEDİA – Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Komitə sədri İsmayıl Qəribli iclasın gündəliyinə bir məsələnin – “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsinin daxil edildiyini deyib. İsmayıl Qəribli qeyd edib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Media haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq uyğunlaşdırma aparılması, seçki komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə və Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının 2024-cü il 15 may tarixli məktubu ilə təqdim olunmuş təkliflər nəzərə alınmaqla, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanun layihəsi hazırlanıb. Qanun layihəsi Ali Məclisin Hüquq siyasəti komitəsinə göndərilib və komitə üzvlərinə paylanılıb”.

Xəbərdə deyilir ki, sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsi barədə məlumat verib: “Gündəlikdə duran məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Aparatının Təşkilat şöbəsinin müdiri Əli Qədimov çıxış edərək deyib ki, cari ildə Ali Məclisə seçkilərin keçirilməsi nəzərdə tutulur. Məhz bu əsasla seçkilərin keçirilməsinin demokratikliyinin və şəffaflığının təmin edilməsi, eyni zamanda seçki komissiyalarının fəaliyyətinin operativliyinin təmin olunması məqsədilə “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda bəzi əlavə, düzəliş və dəyişikliklərin edilməsi təklif edilib. Bu düzəlişlərin bir qismi texniki xarakterli olsa da, məzmun və mahiyyət düzəlişləri də var”.

Məlumata əsasən, məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri İsmayıl Qəribli, sədr müavini Aidə Cəlilzadə, üzvləri Hacıfəxrəddin Səfərli və Qadir İbrahimov fikirlərini və suallarını səsləndiriblər: “Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov və Mərkəzi Seçki Komissiyası Aparatının Təşkilat şöbəsinin müdiri Əli Qədimov səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib. Müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin müzakirəsinə tövsiyə edilib. Bununla da iclas öz işini başa çatdırıb”.

Mission News Theme by Compete Themes.