BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidin ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrinin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişlənsdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb. T.Musayev Azərbaycanla Küveyt arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir, bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib. Nazir, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırıb. Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib”.
Öz növbəsində A.M.A.Almauidi dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması, tibb universitetləri ilə milli səhiyyə institutları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.