Press "Enter" to skip to content

İki qardaş ölkənin sevilən nəğmələri səslənib

Konsert zamanı

Son yeniləmə: 17 May 2024 14:49

Bakıda “Gönülden Gönüle Kardeşlik Şarkıları” adlı konsert keçirilib

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) fəaliyyət göstərən Kıbrıs Bahar Esintileri Sanat Derneği Xoru Azərbaycana səfər edib.

Səfər çərçivəsində mayın 16-da Bakıda “Gönülden Gönüle Kardeşlik Şarkıları” adlı konsert keçirilib.

Ufuk Turganer çıxış edərkən
Ufuk Turganer çıxış edərkən

KKTC-nin Azərbaycandakı nümayəndəliyinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) birgə təşkilatçılığı ilə Milli Konservatoriyanın salonunda keçirilən konsertdə maraqlı anlar yaşanıb.

Konsert maraqla qarşılanıb
Konsert maraqla qarşılanıb

Konsert başlamazdan öncə çıxış edən KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycanla KKTC arasında qardaşlıq bağlarının hər keçən gün daha da gücləndiyini bildirib. U.Turganer Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin türk dünyasında, o cümlədən KKTC-də böyük ruh yüksəkliyi yaratdığını deyib: “Vətən torpağı üçün canını fəda edən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə can sağlığı diləyirik. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun və tək yumruq olan qəhrəman Azərbaycan xalqının zəfəri Kıbrıs türkləri üçün də sevinc və qürur qaynağıdır. Çağdaş Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, Türkiyə Cümhuriyyətinin 101-ci idönümü, KKTC-nin quruluğunun 41-ci ildönümü və Kıbrıs Barış Hərəkatının 50-ci ildönümünü qeyd etdiyimiz çox önəmli ildəyik”.

U.Turğaner çıxışında əlavə edib ki, KKTC və Azərbaycan arasındakı əlaqələr daha da inkişaf edir: “Hazırda Azərbaycan-KKTC parlamentlərarası dostluq qrupu ölkəmizə ilk rəsmi səfərini gerçəkləşdirib. Ölkələrimiz arasında bir çox sahələrəd gözəl əlaqələr qurulub. Təmsilçiliyimiz iki ölkə arasında siyasi əlaqələrin gücləndirilməsində çox önəm verməkdə və dəstəkləməkdədir”.

Konsertdən xatirə fotosu
Konsertdən xatirə fotosu

Sonra söz musiqiyə verilib. Kıbrıs Bahar Esintileri Sanat Derneği Xoru Nərgiz Əliyevanın dirijorluğu ilə Buta İnstrumental Orkestrinin müşayiət ilə iki qardaş ölkənin sevilən nəğmələrini səsləndirib.

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycanın millət vəkilləri, ziyalılar və media təmsilçiləri iştirak ediblər.

Konsert barədə TRT Haber xüsusi reportaj hazırlayıb.

Mission News Theme by Compete Themes.