Son yeniləmə: 17 May 2024 09:27
BAYRAQDAR MEDİA – Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-də səfərdədir. O, burada ABŞ rəsmiləri ilə önəmli görüşlər keçirib.
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassın bununla bağlı sosial media hesabında etdiyi paylaşımdan da görünür ki, görüşlər səmərəli olub.
“Bu gün bölgədə dayanıqlı və ləyaqətli sülh və uğurlu COP29 da daxil olmaqla ABŞ-Azərbaycan ikitərəfli tərəfdaşlığını və ortaq önəmlilikləri müzakirə etmək üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi salamladım. Biz Azərbaycanı haqsız yerə həbs olunanları azad etməyə çağırmağa davam edirik”, – deyə Con Bass yazıb.
Azərbaycanın ABŞ-dəki səfirliyi də sosial media hesabında paylaşım edərək görüşlər haqqında məlumat verib: “Dövlət katibinin siyasi məsələlər üzrə fəaliyyətdə olan müavini Con Bass, Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim və demokratiya, əmək və insan haqları üzrə köməkçisi Robert Cilkristə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, cari bölgə məsələləri və qlobal təhlükəsizlik ortamı, həmçinin Azərbaycan-Ermənistan normallaşdırma prosesi kimi geniş əhatəli gərəkli müzakirəyə görə təşəkkür edirik”.