Ayxan Hacızadə: Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır
BAYRAQDAR MEDİA – “Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilib”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerald Darmanan tərəfindən Azərbaycanın diktatura adlandırılması ilə bağlı yerli medianın sualına cavabı zamanı deyib.
XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumat görə, A.Hacızadə daha sonra bildirib: “İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də Antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir”.
A.Hacızadə, həmçinin “Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır” deyib.