BAYRAQDAR MEDİA – Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycan deyil, bütövlükdə Güney Qafqaz bölgəsi üçün ciddi ekoloji təhdid halına gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya açıqlama verən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Elman Cəfərli bildirdi ki, “Ermənistan öz ərazisində ətraf mühiti korlayan dağ-mədən sənayesi müəssisələrinin fəaliyyətini davam etdirir. Qonşu ölkə bütün bunları imza atdığı beynəlxalq konvensiyaları pozaraq həyata keçirir. Çoxu Sovet zamanında tikilmiş, köhnə texnologiyalarla işləyən sənaye müəssisələri tullantıları təmizləmədən transsərhəd çaylarına axıdır. Ermənistanın iri dağ-mədən müəssisələri kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Qonşu ölkə zavodların tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Müəssisələrdə yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma məqsədi ilə bu sudan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq. Eyni zamanda Ermənistanın dağ-mədən sənayesi müəssisələri dolayısı ilə Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur”.
Elman Cəfərli Ermənistanın ekoloji terroru ilə bağlı ən maraqlı məqamın İranın səssizliyi olduğunu dedi: “Araz, Arapaçay transsərhəd çaylarıdır. Onların çirklənməsi təkcə çayda yaşayan flora və faunanın məhvinə gətirib çıxarmır. Bəllidir ki, Araz 4 ölkənin ərazisindən axır. Bu çayın suyundan Azərbaycan və İranın Güney Azərbaycan bölgəsinin əkin sahələrinin suvarılmasında da istifadə olunur. Çayla axan zərərli maddələr torpağın şoranlaşmasına, məhsuldarlığın azalmasına gətirib çıxarıb. Güneydən dəfələrlə sosial şəbəkələrdə Arazın suyunun rənginin dəyişməsi ilə bağlı videolar yayılıb. Lakin biz İrandan rəsmi İrəvanın ünvanına ciddi etirazlar eşitməmişik. Ötən il Arazdəyəndə ABŞ şirkətinin investisiyası ilə metallurgiya zavodu inşa edilirdi. Azərbaycan vətəndaş cəmiyyətinin etirazlarından sonra bu tikinti dayandırıldı. İran tərəfi heç o zaman da ciddi etirazlar səsləndirmədi. Yeri gəlmişkən, biz məsələdə Ermənistanla yanaşı Güney Qafqazın ekosisteminə təhdid yaradan layihələrə qoşulan xarici investorları da qınaq obyektinə çevirməliyik. Beynəlxalq konvensiyalara əməl etmək onların da borcudur”.
Qeyd edək ki, may ayının 14-də Güney Azərbaycanlı ekofəal Əhməd Bayburdi sosial media hesabında Ermənistanın iki müəssisəsinin çirkablarının Araz çayına axıdılmasına dair ifşaedici məlumat paylaşaraq İran hökumətini bununla bağlı yoxlama aparmağa çağırıb.