Son yeniləmə: 17 May 2024 22:35
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verib.
BAYRAQDAR MEDİA olaraq bu haqda ADMGTT-nin əməkdaşlarından onların təəssüratlarını öyrəndik.
Xalq artisti Naibə Allahverdiyeva bu xəbərin bütün kollektiv üçün çox böyük sevinc olduğunu bildirdi: “Bu xəbəri eşidəndə çox sevindim, hətta gözlərim yaşardı. Bütün kollektiv çox sevincliyik. Bunun üçün mən Müzəffər Ali Baş Komandanımıza, Prezidentimizə çox təşəkkürümü bildirirəm. Prezidentimiz qələbə sevinci yaşadaraq bizi sevindirdi, qəlbimizdəki həsrəti bitirdi, torpaqlarımız azad edildi. Bu xəbər isə bizim üçün yeni bir müjdədir. Qeyd edim ki, bu Teatr bəzi sənətkarlar üçün bir tramplin olub. Yəni çox sənətkarlarımız bu Teatrda yetişiblər və sonradan qardaş teatrlara gediblər. Mən bütün teatr ictimaiyyətini təbrik edirəm. Həmişə düşünürdüm ki, görəsən Allah mənə o ömrü, imkanı verəcəkmi mən o sevinci yaşayacağam? Qarabağ sevincini yaşadım və indi bu da növbəti bir sevincdir mənim üçün. Bütün həmkarlarımı təbrik edirəm”.
Əməkdar artist Nicat Mir Kazımov da bu xəbərə çox sevinənlərdən biridir: “Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyev torpaqlarımızı işğaldan azad edəndə bizə çox böyük sevinc bəxş etdi. Ondan daha böyük bir sevinc mənfur düşmənlərin xarabaya çevirdikləri Azərbaycan ərazilərinin bərpa olunması, cənnət məkanlara çevrilməsidir. Prezidentimiz sevinc bəxş etməyə davam edir. Bu da növbəti bir sevinc oldu bizim üçün. Allah onu var eləsin. Mən öz adımdan, kollektivimizin adından dərin təşəkkürümü bildirirəm Prezidentimizə, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya. Sevincimiz yerə-göyə sığmır. “Milli” status ali statusdur. Bu statusa daha da layiq olmağa çalışacağıq. Həmçinin bu, sənət adamlarına böyük bir stimuldur. Düşünürəm, necə ki, tamaşaçılar bizim Teatra gələndə çox böyük məmnunluqla oranı tərk edirlər, bunun daha çoxu bundan sonra olacaq. Biz əlimizdən gələni əsirgəməyəcəyik ki, Azərbaycan mədəniyyətini, teatr sənətini daha da böyük zirvələrə daşıyaq. Mən təkcə öz kollektivimizi yox, Gəncə Dövlət Milli Dram Teatrının kollektivini də təbrik edirəm, yaradıcılıq uğurları arzulayıram və bütün tamaşaçıları bundan sonra Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının tamaşalarına baxmağa dəvət edirəm”.
Əməkdar artist Mehriban Abdullayeva isə sevincini belə bölüşür: “Dünəndən bəri çox böyük sevinc hissi keçirik. Çoxdan bunu gözləyirdik və həqiqətə çevrildi. Buna görə əziz Prezidentimiz İlham Əliyevə və gözəl Mehriban xanım Əliyevaya böyük təşəkkürümüzü bildiririk. Mən həmişə deyirəm ki, aktyoru sevindirmək asandır. Əgər biz tamaşaçı alqışından sevinib dağı-dağ üstünə qoymağı bacarırıqsa, o sevinc bizə bəs edirsə, kiçik bir münasibət, diqqət bizi daha da sevindirir, daha da yaxşı işləməyə həvəsləndirir. Həmçinin bizi təbrik edənlərin hər birinə də təşəkkür edirik”.
Əməkdar artist Şövqi Hüseynov da düşüncələrini bu şəkildə dilə gətirdi: “Bu, çox sevindirici haldır. Mən hesab edirəm ki, bizim fəaliyyətimiz bu ada layiqdir. Əlbəttə, bu ad sevincdən, fərəhdən əlavə, həm də çox böyük məsuliyyət, cavabdehlik deməkdir. Bu cavabdehliyi hamımız hiss edirik və bundan sonra işimizi daha yüksək səviyyədə həyata keçirməyə çalışacağıq. Bu həm də böyük işlər görmək üçün stimuldur, bundan səmərəli şəkildə istifadə etmək lazımdır. Bunun üçün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Həmçinin hər zaman mədəniyyət işçilərini diqqətdə saxladıqlarına görə minnətdarıq. Habelə, mədəniyyətimizin inkişafı ilə bağlı layihələr, proqramlar, hətta regionlarda fəaliyyət göstərən teatrlarımızın yüksək səviyyədə təmiri, tamaşaçıların xidmətinə verilməsi də bu sahəyə olan qayğının göstəricisidir. Mən bütün həmkarlarımı, həmçinin Gəncə Dövlət Milli Dram Teatrını təbrik edirəm və yeni-yeni uğurlar arzu edirəm”.
Əməkdar artist Elnur Kərimov da fikirlərini bu formada bildirir: “Azərbaycan teatrının inkişafı, həmçinin göstərilən diqqət, edilən etimad hər zaman sənət adamlarını sevindirir və ruhlandırır. Hələ 2019-cu il martın 1-də ölkə başçısının və hörmətli Mehriban xanımın sənətkarlarla görüşündən sonra dərhal Musiqili və Rus Dram Teatrlarına “Akademik” statusunun verilməsi, təkcə paytaxt teatrları deyil, xüsusi ilə region teatrlarının, mədəniyyət ocaqlarının inkişafının da hər zaman diqqət mərkəzində saxlanılması buna bir sübutdur. Həmçinin Gəncə Teatrının yeni binasının tikilməsi sənətə və sənətkarlara verilən ən böyük dəyərdir. Artıq həm də Gəncə Dövlət Dram Teatrı da “milli” statusa layiq görülüb. Bu münasibətlə həmkarlarımı səmimi-qəlbdən təbrik edirəm. Onu da qeyd edim ki, hər il olduğu kimi bu il də Prezident Mükafatı təqdim olundu. Bunun sevincini yaşadığımız anlarda bu növbəti xəbər hətta göz yaşlarımıza səbəb oldu. “Milli” statusun verilmə xəbəri ölkə mədəniyyətinin inkişafına göstərilən diqqət və qayğını bir daha sübut etdi. 95 illik şərəfli yol keçmiş Gənc Tamaşaçılar Teatrı “milli” status almaqla növbəti hədəflərinə daha sürətlə irəliləyəcək. Bu Teatrın inkişafında xidmətləri olan ustad sənətkarlarımıza sonsuz təşəkkür edirəm. Günümüzdə də fəaliyyət göstərən ustad sənətkarlarımız var ki, gənclərin bu teatra gəlişinə təkan verir. Dünyasını dəyişənlərin ruhları şad olsun. Yaşayan və yaradan sənətkarlara cansağlığı arzulayıram. Xatırlayıram, Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyində bir çox insanların arzusu məhz bu teatrı “milli” statusda görmək idi. Onların bir çoxu bu gün bizimlə bərabər olmasalar da ruhları şad olsun, bu statusa layiq görüldük. Ayrıca olaraq, hər zaman mədəniyyətin, teatrın inkişafına diqqət göstərən media nümayəndələrinə sevincimizə şərik olduqlarına görə təşəkkür edirəm”.
Həmçinin Əməkdar artist Rasim Cəfər də bu xoş xəbərlə bağlı düşüncələrini, arzularını bölüşür: “Prezident İlham Əliyev tərəfindən ölkəmizdə digər sahələr kimi mədəniyyət sahəsi, xüsusilə incəsənətin əsas qolu olan teatrın inkişafı da daim diqqətdə saxlanılır. Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir. Bu siyasətin davamı kimi ölkəmizdə teatrların inkişafına, bu sahənin nüfuzunun artırılmasına xidmət edən növbəti addım olaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib. Biz sənətçilərə bu xəbər çox böyük sevinc və şərəf hissi yaşatdı. Həm göstərilən diqqət və qayğı, həm etimad bizi yeni işlər görməyə, yeni tamaşalar hazırlamağa, daha səylə çalışmağa həvəsləndirir. Biz bundan çox sevincliyik. Buna görə də kollektivimiz adından, şəxsən öz adımdan Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Biz hər zaman Azərbaycan mədəniyyətinə xidmət edirik”.
Biz də BAYRAQDAR MEDİA olaraq həm Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının, həm də Gəncə Dövlət Milli Dram Teatrının kollektivini yüksək status almaları münasibəti ilə təbrik edir, onlara böyük uğurlar arzulayırıq!