BAYRAQDAR MEDİA – Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunda keçirilən “Biz bir Yerin övladlarıyıq” adlı tədbirdə Azərbaycanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən verilib.
Xəbərdə deyilir ki, “xalqlar dostluğuna həsr olunmuş tədbirdə Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun, müxtəlif xalqlara aid mədəniyyət mərkəzlərinin nümayəndələri, jurnalistlər, yazıçılar, İnstitutun müəllim və tələbələri iştirak edib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi iştirakçılar və qonaqlar üçün Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirən kitab sərgisi təşkil edib. Sərgidə, həmçinin Azərbaycan sənətkarlarının ağac, keramika və digər materiallardan hazırladığı milli suvenirlər də təqdim olunub. Tədbirin bədii hissəsində müxtəlif ölkələrin nümayəndələri milli rəqslər və mahnılar təqdim edib. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Azərbaycan” rəqs ansamblının üzvləri də milli Azərbaycan rəqslərini ifa ediblər”.
Tədbirdə İnstitutun elm və innovasiyalar üzrə prorektoru Azamat Eşonkulov Özbəkistanda yaşayan xalqlar arasında sülhün və tolerantlığın ölkənin daxili siyasətinin əsasını təşkil etdiyini vurğulayıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Yusif Məmmədov çıxışı zamanı Azərbaycan və Özbəkistanın çoxlu ortaq cəhətlərə malik qardaş ölkələr olmasını, xüsusən də Azərbaycan ərazisində müxtəlif millətlərin və müxtəlif dini konfessiya nümayəndələrinin tolerantlıq, multikultural dəyərlərə hörmət, sülh, əmin-amanlıq şəraitində yaşamaları faktını xüsusi qeyd edib.
Sonra isə Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Qulyamdam Taqayeva çıxış edərək dostluq, vətənpərvərlik haqqında şeirlər oxuyub.
Qeyd edək ki, tədbirdə fəal iştirakına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif edilib.