BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Muxtar Respublikada fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Məşğulluq Agentliyindən verilib.
Xəbərdə deyilir ki, “görüşdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, məşğulluq xidmətləri, işəgötürənlərə dəstək məqsədli proqram və layihələri barədə təqdimat edilib. Belə proqramlardan biri olan, işəgötürənlərlə birgə işçilərin əməkhaqlarının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutan proqramın önəmi qeyd edilib. Bu proqramın həm işsiz və işaxtaran şəxslərin məşğulluğuna, həm də işəgötürənlərə dəstək məqsədi daşıdığı vurğulanıb”.
Nümayəndələr əmək yarmarkalarının təşkilinin, bu tədbirlərdə işəgötürənlərin fəal iştirakının önəmini diqqətə çatdırıb: ““Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) əmək bazarı iştirakçıları, o cümlədən işəgötürənlər üçün əhəmiyyətindən, vakant iş yerləri barədə məlumatların ƏMAS-dakı vakansiya bankına daxil edilməsi qaydalarından bəhs olunub”.
Sonda gələcək əməkdaşlığa dair müzakirələr aparılıb, işəgötürənlərin sualları cavablandırılıb.