BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən mayın 15-dən iyunun 15-dək ölkə ərazisində “Təmiz hava” aylığı tədbiri həyata keçiriləcək.
Bu haqda ETSN-in yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd edilir ki, “tədbirin keçirilməsində məqsəd nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirkləndirilməsinin hazırkı vəziyyətinin öyrənilməsi, eyni zamanda ətraf mühitə müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr buraxan nəqliyyat vasitələrinin aşkar edilməsi və istismarının məhdudlaşdırılması, atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin təmin edilməsidir”.
Bildirək ki, Nazirlik sürücülərdən, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edib.