Press "Enter" to skip to content

MEK-də füzulişünas alimlərlə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları ilə görüş keçirilib.

Görüşdə öncə MEK-in direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızı çıxış edərək tədbir iştirakçılarını MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynovun adından salamlayıb. Direktor müavini Azərbaycan Prezidentinin 25 yanvar 2024-cü il tarixli “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından danışıb. Qeyd edib ki, Sərəncama uyğun olaraq MEK-in Füzuli mövzusunda tədbirlər planı hazırlanıb. O, həmin tədbirlər sırasına həm də füzulişünas alimlərlə görüşlərin də daxil edildiyini vurğulayaraq keçirilən tədbirin də bu qəbildən olduğunu bildirib. Ş.Tahirqızı həmçinin tədbirin MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin təşkilatçılığı ilə keçirildiyini qeyd edərək sözü şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevaya verib.

A.Əliyeva öz növbəsində tədbir iştirakçılarını salamlayıb və Əlyazmalar İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru, İnstitutun “Türk dünyası əlyazmalarının tədqiqi” şöbəsinin aparıcı elmi işçisi Nəzakət Məmmədli və sözügedən İnsitutun kiçik elmi işçisi Sevinc Muxtarova haqqında məlumat verib. O, çıxışı zamanı əlavə edib ki, M.Füzulinin Əlyazmalar İnstitutunda saxlanılan “Divan”ı UNESCO-nun Dünya Yaddaş Proqramına əlavə olunub və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin göstərişi ilə əski əlifbadan transfoneliterasiya olunur.

Ardınca N.Məmmədli “Füzuli yaradıcılığının irfani və poetik xüsusiyyətləri” mövzusunda məruzə edib. Məruzəçi M.Füzulini Övliya adlandıraraq onun böyük mənəvi dəyərlərə malik olduğu haqqında söhbət açıb. N.Məmmədli şairin yaradıcılığı haqqında danışarkən onun poetikasında Qurandakı sözlərə, kəlamlara da rast gəlindiyini bildirib. Məruzəçi M.Füzulinin yaradıcılığının əsas hissəsinin sufi rəmzlərindən ibarət olduğunu qeyd edərək həmçinin şairin əsərlərində insanın kamilləşmə mərhələlərindən bəhs edildiyini diqqətə çatdırıb.

Sonra S.Muxtarova “Bəngü-Badədə tarixi əks etdirən hadisələr” mövzusunda məruzə edib. O, çıxışında M.Füzulinin epik yaradıcılığında əsas yer tutan “Bəngü-Badə” əsərinin yazılma tarixi haqqında danışaraq əsərin təxminən 1510-1524-cü illər arasında yazıldığını bildirib. Məruzəçi şairin bu əsəri I Şah İsmayıl Xətaiyə həsr etdiyini qeyd edərək əsərin məziyyətlərindən söz açıb. S.Muxtarova həmçinin əlavə edib ki, M.Füzulinin Əlyazmalar İnstitutu tərəfindən biblioqrafiyası hazırlanır.

Daha sonra görüş məruzəçilərə ünvanlanan suallar və cavablarla davam edib.

Sonda bu tip tədbirlərin, görüşlərin davamının olacağı qeyd edilib.

Mission News Theme by Compete Themes.