Press "Enter" to skip to content

Kitab tanıtma: “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında”

Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında

Son yeniləmə: 15 May 2024 13:03

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlərdən biri də fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin müəllifi olduğu “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında” kitabıdır.

Nəşr AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının 20 noyabr 2023-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülüb.

Kitabda Qarabağın, xüsusən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi tədqiq edilib. Əsərdə tarixi mənbələr, xüsusilə ən mötəbər qaynaqlardan biri hesab edilən epiqrafik abidələr əsasında Şuşa şəhərinin maddi mədəniyyət tarixi bütöv halda əks etdirilib. Müəllif Şuşa şəhərinə aid süls, nəsx, nəstəliq xətləri ilə həkk olunmuş ərəb-farsdilli kitabələrdəki mətnləri düzgün şəkildə oxuyaraq, onları orijinal dillərdə sadə qrafikaya çevirmiş, eyni zamanda həmin yazıları ana dilinə tərcümə edərək digər mənbələrlə qarşılaşdırmaqla geniş şəkildə şərh edib.

Şuşa şəhərinin maddi-mədəni irsi, o cümlədən XVIII-XIX əsrlərdə regionda cərəyan edən iqtisadi-siyasi və ictimai dini hadisələrlə bağlı həqiqətləri öyrənmək istəyənlər üçün dəyərli mənbə olan sözügedən kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, rəyçiləri fəlsəfə elmləri doktoru, Prof. Sakit Hüseynov, tarix üzrə fəlsəfə doktoru, Dos. Əmmar Abbasov, texniki redaktoru isə Balağa Məmmədovdur.

Mission News Theme by Compete Themes.