BAYRAQDAR MEDİA – İranı idarə edən fars-molla rejiminin vergi siyasətinə etiraz əlaməti olaraq tətil keçirən Ərdəbil bazarının qızıl alverçilərinin mağazaları bağlanıb.
Bu barədə xəbəri GünAz.TV verib.
Xəbərdə deyilir ki, “Ərdəbil bazarında fəaliyyət göstərən başqa sahibkarlar qızıl alverçilərinə dəstək məqsədilə mağazalarını bağlayacaqları barədə hökumət məmurlarına xəbərdarlıq ediblər”.
Sahibkarlar bildirib ki, “təhlükəsizlik idarələri tətili dayandırmaq üçün onlara təzyiq göstərib, bundan imtina etdiklərinə görə mayın 13-də çox sayda qızıl mağazasının fəaliyyətinə qadağa qoyulub”.
Məlumata görə, təbrizli qızıl alverçilərinin tətilindən sonra Urmiya, Ərdəbil, Tehran, Yəzd, İsfahan, Məşhəd, Zəncan və başqa bir neçə şəhərdə də qızıl mağazaları tətil elan edib.
Qeyd edək ki, kütləvi tətil mayın 1-də Təbriz bazarından başlayıb.