Press "Enter" to skip to content

Deputat: Əlilliyin müəyyən olunması daha da asanlaşdı

Millət vəkili Vüqar Bayramov

BAYRAQDAR MEDİA – Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib. Bu qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq.

Bu barədə millət vəkili Vüqar Bayramov özünün sosial media hesabında paylaşım edib.

Vüqar Bayramov bildirib ki, “müddət gözlənilmədən göndəriş (forma 88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır. Bu qəraradək bu siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhhətində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətəndaşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək”.

Deputat vurğulayıb ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdusa, artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq: “Müddət gözlənilmədən forma 88 rəsmiləşdiriləcək. Digər mühüm məqam əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətlərinin müəyyən olunmasıdır. Bununla yanaşı göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi”.

Mission News Theme by Compete Themes.