Press "Enter" to skip to content

Bəlli xarici güclərin növbəti hədəfi Güney Qafqazdır

Fikrət Əliyev

Son yeniləmə: 15 May 2024 12:01

Fikrət Əliyev: Ermənistan və Gürcüstanda cərəyan edən son proseslərə nəzər yetirəndə məmnuniyyətlə deyə bilərik ki, Azərbaycan Güney Qafqazda sabitlik adası kimi inkişaf edir

BAYRAQDAR MEDİA – “Bu gün qlobal məkanda, həmçinin yaşadığımız Güney Qafqazda olduqca mürəkkəb proseslər cərəyan edir. Bu proseslər mürəkkəb olduğu qədər də təhlükəlidir. Çünki baş verənlər birbaşa xarici bəlli güclərin qaranlıq planlarının bir hissəsi, bəzən isə həmin güclərin maraq toqquşmasının nəticəsi kimi meydana çıxır. Nəticədə isə uduzan xalqlar və dövlətlər olur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Fikrət Əliyev deyib.

O, qeyd edib ki, hazırda Güney Qafqazın iki ölkəsi Ermənistan və Gürcüstanda cərəyan edən hadisələrə də bu prizmadan yanaşmaq olar: “Biz görürük ki, zaman-zaman İraq, Suriya və digər ölkələrdə oynanılan oyunlar, “rəngıli inqilablar” və s. bu dəfə də Güney Qafqazda təkrarlanır. Söhbət təbii ki, hazırda Ermənistanda və Gürcüstanda baş verənlərdən gedir. Bu iki ölkədə tələblər fərqli olsa da, istiqamət eynidir  -Xalqla hökuməti üz-üzə qoymaq, vətəndaş qarşıdurmasından vətəndaş müharibəsinə keçid etmək və sonda daha da zəif düşmüş ölkədə necə deyərlər “at oynatmaq”. Hesab edirəm ki, Güney Qafqazın hər iki ölkəsində də bunu dərk edə biləcək insanlar, yaxud qurumlar tapılacaq”.

F.Əliyev onu da əlavə edib ki, baş verənlər eyni zamanda Azərbaycan dövlətinin necə uğurlu siyasət apardığını bir daha ortaya qoyur: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və milli maraqlarımıza xidmət edən siyasətin uğuru hər keçən gün daha bariz şəkildə ortaya çıxır. Bu siyasətin xalq tərəfindən dəstəklənməsi isə dövlətimizi hər keçən gün daha da gücləndirir. İki qonşumuzda cərəyan edən məlum proseslərə nəzər yetirəndə isə məmnuniyyətlə deyə bilərik ki, Azərbaycan bu gün Güney Qafqazda sabitlik adası kimi inkişaf edir”.

Mission News Theme by Compete Themes.