Press "Enter" to skip to content

ADU-da Belarus dili və mədəniyyəti mərkəzinin açılışı

Açılış zamanı

BAYRAQDAR MEDİA – Mayın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Belarus dili və mədəniyyəti mərkəzinin açılışı olub.

Bu haqda ADU-nun yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbirdə Minsk Dövlət Linqvistik Universitetinin rektoru, Prof. Natalya Yevqeniyevna Lapteva, Belarusun Azərbaycandakı səfirliyinin 1-ci katibi İvan Xlebakazov, millət vəkilləri Ziyad Səmədzadə, Tamam Cəfərova, Etibar Əliyev, Naqif Həmzəyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Elm və Ali Təhsil Dövlət Agentliyinin (EATDA) Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Fariz Quliyev, təhsil işçiləri, müəllimlər və tələbələr iştirak ediblər. Öncə Azərbaycan və Belarusun Dövlət Himni səsləndirilib, Belarus haqqında tanıtım çarxı izlənilib. ADU tələbələri Belarus dilində şeirlərlə qonaqları salamlayıblar. Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ADU-da sözügedən Mərkəzin açılması hər iki ölkənin ictimai-siyasi həyatında və eləcə də universitetlərin elmi-pedaqoji fəaliyyətində mühüm əhəmiyyət kəsb edir. Bakı Yeparxiyasının İctimai təşkilatlarla əlaqələr üzrə şöbəsinin rəhbəri, protoiyerey Mefodiy Əfəndiyev mərkəzin açılması münasibəti ilə hər kəsə uğurlar arzu edib”.

Daha sonra xəbərdə deyilir ki, “N.Y.Lapteva tədbir iştirakçılarını salamlayıb, Belarus dili və mədəniyyəti mərkəzinin açılması münasibəti ilə hər kəsi təbrik edib. Qeyd olunub ki, bu Mərkəzin açılması universitetlərin elmi-pedaqoji fəaliyyətinə öz töhfələrini verəcək və iki ölkənin mədəni-humanitar sahədə əməkdaşlığına müsbət təsir göstərəcək. Z.Səmədzadə tədbirlə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. İ.Xlebakazov yaradılan şəraitə və səmimi qarşılanmaya görə universitet rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib”.

Tədbirdə Belarus dili və mədəniyyəti mərkəzinin rəhbəri, Prof. Məmməd Əliyev çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb. O, çıxışında Azərbaycan və Belarus arasında arasında humanitar, iqtisadi, siyasi və digər əlaqələrin sürətlə inkişaf etdiyindən danışıb. Professor onu da əlavə edib ki, bu əlaqələr yeni perspektivlərin və əməkdaşlıq münasibətlərinin yaranması üçün olduqca əlverişli amillərdən biridir. M.Əliyev bu əlaqələrin bundan sonra da yüksək səviyyədə davam edəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir mərkəzin gələcək fəaliyyəti ilə bağlı müzakirələrlə davam edib.

Qeyd edək ki, ötən il Minsk Dövlət Linqvistik Universitetində K.Abdullanın və N.Y.Laptevanın birgə təşəbbüsü və Azərbaycanın Belarusdakı səfirliyinin yaxından iştirakı ilə Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı olmuşdu.

Mission News Theme by Compete Themes.