BAYRAQDAR MEDİA – Mayın 27-də türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında I Türk İnteqrasiya Olimpiadasının final turu və Türk Dünyası Ortaq Mədəniyyət Festivalı Bakıda keçiriləcək. Olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagirdin iştirak edəcəyi gözlənilir.
Bu barədə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, Dos. Şəmil Sadiq deyib.
Şəmil Sadiq bildirib ki, andiçmə mərasimində cənab Prezident İlham Əliyevin dediyi tarixi fikirlər Türk İnteqrasiya Olimpiadasının mayakı oldu: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacaq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçımız Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır””.
Məlumata görə, Türk İnteqrasiya Olimpiadası 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb.
Vurğulanıb ki, olimpiadanın dörd əsas məqsədi var:
1. Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;
2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
4. Türk xalqlarının dildə, fikirdə, işdə birliyinin fərqində olmaları və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etmələri.
Olimpiadanın əhatə dairəsi Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Güney Azərbaycan, KKTC, Tatarıstan, Krım, Qaraçaylar, Gagauziya, Çuvaşiya, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Batı Trakya, Kərkük türkləridir.