Son yeniləmə: 14 May 2024 12:21
BAYRAQDAR MEDİA – Mayın 15-də Azərbaycan Dövlət Kukla Teatrında “Parkda” tamaşasının premyerası keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tamaşada tragikomik səhnələr də üstünlük təşkil edir. Birhissəli səhnə əsərində əsasən qadın problemini – ailədə şiddət, xəyanət, eləcə də erkən nikah, məişət zorakılığı, həmçinin sosial şəbəklərin insan münasibətlərinə mənfi təsiri kimi məqamlar ön plana çıxarılır. Beləcə Azərbaycan ailə dəyərlərinin qorunmasının vacibliyi kimi məsələ real insan talelərinin səhnə inteqrasiyası ilə görünür. Tamaşanın qəhrəmanları – Aynur, Diana, Selena, Bibixanım, Murad, Naməlum kimi müxtəlif taleli obrazlar hər biri həyatdan və taledən bu və ya digər məqamlarda travmalar almış insanlardırlar. Aynur ilə Muradın xoşbəxt ailəsinə xəyanət zərbə vurur. Qadın ərindən boşanmaq istəsə də kişi bununla qətiyyətlə razılaşmır. Arvadının könlünü almaq əvəzinə ona fiziki şiddət göstərməkdən belə çəkinmir. Hadisələr parkda cərəyan etdiyindən bu səhnəciyin ardınca fərqli insan taleləri ön plana çıxır. Öz növbəsində Muradın də həqiqəti dilə gəlir. Axı, o da xəyanət görmüş ailədə yetişib, travmalarla dopdolu bir uşaqlıq yaşayıb”.
Daha sonra xəbərdə “gecə saatlarında parkda başlayan hadisə elə parkda da bitir. Murad burada erkən nikahın qurbanı olan, fahişəliyə məhkum Sərgül (Selena) ilə tanış olur. Onun ağrılarına dəva olmağa, dərdini dinləməyə çalışır. Murad həm də Diana adlı bir tale ilə də qarşı qarşıya qalır. Xəyanət yaşayan, ilk sevgisinin onu dövlətli, yaşlı qadına dəyişməsi hekayəti sözsüz ki, psixoloq Diananın ruh halında təsirsiz olmur. Beləcə o da kişilərə yalnız pul, mənfəət mənbəyi kimi baxır. Tamaşanın bir də Naməlum (əlliliyi olan həvəskar aktyor) adlı qəhrəmanı da var. O gecə saatlarında parkda yatan Murada yaxınlaşıb, ona kömək əlini uzatmağa çalışır. Onu evinə dəvət edir, dərdini dinləyir. Sözsüz ki, bu zaman öz həqiqətini də danışır: əslində isə əlilliyi olan insanların heç də sağlam insanlardan fərqlənməməsi kimi cəmiyyət üçün əhəmiyyətli mesajlar verir. İnsan talelərinin fərqli rakurslardan ön plana çıxarıldığı tamaşanın bir də Bibixanım adlı park süpürgəçisi qəhrəmanı var. Onun yaşı keçsə də ailə qurmayıb. Ən böyük kədəri də budur. Taledən tək istəyi ərə gedib, ana olmaqdır. Onun üçün də hansısa ailənin dağılmasına göz yuma bilmir, hər cəhdlə Murad ilə Aynurun barışmasına vəsilə olur” deyə qeyd olunur.
Tamaşa ümid çağırışlı müsbət notlarla – ailənin barışması ilə sona yetir və beləcə parkda başlayan hekayət həyəcanverici insan talelərinin, real hekayətlərin sadə təsvirli açılması ilə bitir.
Qeyd edək ki, psixoloji dram janrında və “Oyun” inklüziv teatrının təqdimatında olacaq tamaşa saat 19:00-da başlayacaq.