Son yeniləmə: 14 May 2024 07:45
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs tarixi anlara şahidlik edir. Mayın 13-də Türkiyə-Azərbaycan-KKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbərləri və nümayəndə heyətləri arasında işgüzar görüş olub.
Kıbrıs Postası xəbər verir ki, iclas KKTC parlamentinin Zalihe Çavuşoğlu zalında keçirilib.
Məlumata əsasən, görüşdə KKTC Cümhuriyyət Məclisinin sədri, həmçinin KKTC – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Zorlu Töre, Azərbaycan – KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, Türkiyə – Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə – KKTC Parlamentlərarası Dostluq Qrupu Qrup sədri Orhan Erdem, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov və onları müşayiət edən nümayəndə heyətləri iştirak ediblər: “İclasdan əvvəl söz alan Z.Töre “nəyə qadirik, nəyə sahib olmalıyıq, hansı yolla getməliyik, nəyi əskik edirik, nə etmək lazımdır” məsələlərinin dəyərləndiriləcəyini bildirib. Qarşılıqlı görüşlərin daha çox olacağını qeyd edən Z.Töre, könülləri birləşdirdiklərini qeyd edib”.
Məlumatda deyilir ki, türk millətinə mənsub olduqlarının şüurunda olduqlarını ifadə edən Z.Töre daha sonra deyib: “Millətimiz, yerləşdiyimiz coğrafiya, dövlətimiz və türk dövlətlərindəki xalqlar üçün bir şey etməliyik”.
Çıxışında “3 dövlət, bir millət” ifadəsini işlətdiklərini və bir bədəndə ruh kimi olacaqlarını bildirən Z.Töre “Artıq heç bir fərqimiz yoxdur. Damarlarımızda dolaşan qan kimi olacağıq” deyib.
KKTC – Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Resimye Eroğlu Canaltay da dostluq qrupunun KKTC-də olmasından məmnunluğunu ifadə edib.
“Azərbaycanın bizə verdiyi dəstək çox önəmlidir” deyən R.Canaltay daha sonra aşağıdakıları bildirib: “Bizim həmişə “3 dövlət, bir millət” xəyalımız olub. Bu gün biz buna nail olmaq üçün bir addım atdıq. Qardaş Azərbaycanla təhsil, turizm, sənaye və ticarət sahələrində çoxlu müqavilələr imzalayaraq, eyni zamanda KKTC-nin bəzi gözəlliklərini Azərbaycanda tanıdıb ölkə iqtisadiyyatına töhfə vermək istəyirik”.
İclas digər çıxışlarla davam edib.