Son yeniləmə: 14 May 2024 15:16
Vüqar İskəndərov: Ermənistan hakimiyyəti yenə də ağılsızlıq etsə, bu ölkə daha acınacaqlı durumla üzləşəcək
BAYRAQDAR MEDİA – “Düşünmək olardı ki, 2020-ci ildə üzləşdiyi ağır məğlubiyyətdən sonra Ermənistan nəhayət ki, ağılla hərəkət edəcək. Lakin təəssüflər olsun ki, Ermənistanda hələ də ağıla deyil, işğalçı hisslərə, revanşizmə üstünlük verilir. Bu isə Güney Qafqazı yenidən müharibə ocağına çevirmək istəyən Batının bəlli güclərinin əlinə işləyir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər bəzi ölkələri narahat edir: “Söhbət Fransa başda olmaqla Güney Qafqazı yenidən müharibə zonasına çevirmək üçün dəridən-qabıqdan çıxan ölkələrdən gedir. Həmin ölkələr Ermənistanı silahlandırmaqda davam edirlər. Təbii ki, Ermənistan boşuna silahlandırılmır. Yəni bu gün Ermənistanı müharibəyə təhrik edən ölkələrin hədəfi Azərbaycandır”.
V.İskəndərovun sözlərinə görə, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev dəfələrlə bu cür mövqe sərgiləyən ölkələrə xəbərdarlıq edib: “Növbəti xəbərdarlıq isə mayın 10-da səsləndi. Həmin gün Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edən və şəhərə köçmüş ilk sakinlərlə görüşən dövlət başçısı çıxışı zamanı bəhs etdiyimiz məqamın üzərində xüsusi olaraq dayandı. Dövlət başçısı dedi ki, “Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”. Hesab edirəm ki, həm Fransa, həm də Ermənistan rəhbərliyi bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Eyni zamanda, bu gün Ermənistana silah verən digər ölkələrə də bu xəbərdarlıqdan pay düşür. Nə qədər gec deyil, onlar ağıllarını başlarına yığmağa bacarmalıdırlar. Əks halda isə nəticə həm onlar, həm də Ermənistan üçün acınacaqlı olacaq. Ona görə də bədxah qonşularımız heç olmasa bu dəfə ağıllı addım atmağa bacarsınlar. Əks təqdirdə, yəni Ermənistan hakimiyyəti yenə də ağılsızlıq etsə, bu ölkə daha acınacaqlı durumla üzləşəcək”.