BAYRAQDAR MEDİA – Noyabrın 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini təqdim edəcəyi gözlənilir.
Bu barədə millət vəkili Vüqar Bayramov özünün sosial media hesabında paylaşım edib.
Vüqar Bayramov minimum əməkaqqının nə qədər artırıla biləcəyi haqqında təxminlərini bölüşüb: “Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə son 5 ildə minimum əməkhaqqı 2.7 dəfə artırılıb. Minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi. 2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əməkhaqqındakı artım 11.3 faiz olub. Bununla yanaşı 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əməkhaqqında daha yüksək artım reallaşa bilər. Yəni bu halda söhbət iki rəqəmli artımdan gedir”.
Deputat bildirib ki, “daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə minimum əməkhaqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq, artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz”.