BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında işçi görüş keçirilib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən verilib.
Xəbərdə deyilir ki, “”Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı”na əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hər iki ölkənin hərbi mütəxəssisləri arasında işçi görüş keçirilib. Özbəkistanlı qonaqlara Müdafiə Nazirliyinin Şəxsi Heyət baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən Azərbaycan Ordusunda ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlərdən danışılıb, eləcə də idarənin əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib”.
Vurğulanıb ki, “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəyə səbəb olan amillərdən biri də məhz Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək mənəvi-psixoloji hazırlığıdır”.
Məlumata görə, nümayəndə heyətinə Azərbaycan Ordusunda ideoloji işin və mənəvi-psixoloji hazırlığın təşkili barədə ədəbiyyatlar və müxtəlif dərs vəsaitləri təqdim olunub.
Sonda qarşılıqlı hədiyyə mübadiləsi olub.