Press "Enter" to skip to content

 Azərbaycan Polşada təşkil olunan tatar festivalında təmsil olunub

Festivaldan xatirə fotosu

Son yeniləmə: 14 May 2024 11:28

BAYRAQDAR MEDİA – Polşanın Byalıstok bölgəsinə daxil olan Bohoniki şəhərindəPolşa Tatarları İttifaqı tərəfindən Novruz bayramı ilə əlaqədar tatar bahar festivalı təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Polşadakə səfirliyindən məlumat verilib.

Bildirilib ki, “festivalda bu bölgədə yaşayan və 600 illik tarixə malik tatar icmasının mədəniyyəti, Novruz ənənələri nümayiş olunmuşdur. Tədbirdə həmçinin Azərbaycan, Qazaxıstan, Türkiyə türklərinin mədəniyyətləri və rəqslərindən nümunələr göstərilmişdir. Festivalda Azərbaycanın Polşadakı səfiri N.Qurbanova çıxış etmişdir. N.Qurbanova bildirmişdir ki, artıq üçüncü ildir ki, Səfirlik Novruz bayramını – yazın gəlişini, təbiətin dirçəlişini, mənəvi saflığı və bərabərliyi qeyd etmək üçün tatar icması ilə bir araya gəlir. O, Azərbaycan xalqı üçün də əziz olan Novruz bayramının 300 milyondan artıq insan tərəfindən qeyd olunduğunu əlavə etmişdir. Novruzun fəlsəfəsində birliyin dayandığını qeyd edən səfir bu bayramın xalqlar və mədəniyyətlər arasında körpü rolunu oynadığını və dialoqu təşviq etdiyini qeyd etmişdir”.

Məlumata görə, səfir bildirib ki, Azərbaycan Səfəvilər Dövlətinin banisi, şair Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasında Novruzu təkcə baharın gəlişi və təbiətin oyanışı kimi deyil, eyni zamanda məhəbbətin dirçəlişi kimi tərənnüm etmişdir: “Səfir Novruz şənliklərinin ən qədim qrafik sübutlarının ölkəmizin paytaxtı Bakı şəhərindən 60 km aralıda Qobustan ərazisində yerləşdiyini və həmin ərazidə 10-20 min yaşı olan mövcud qayaüstü rəsmlərin Azərbaycanda Novruzun qədim köklərini nümayiş etdirdiyini vurğulamışdır. Uşaqlar və böyüklər üçün müxtəlif attraksionlar nəzərdə tutan zəngin proqrama malik festivalda“Buncuk” Tatar Rəqs və Vokal Ansamblı, tatar əsilli müğənni Karolina Çixa çıxış etmişlər. Festival çərçivəsində kulinariya şouları, eləcə də at şouları, oxatma və qılıncoynatma yarışları nümayiş olunmuşdur”.

Festivalda həmçinin azərbaycanlı tələbələr Leyla Əsgərova və Nihad Quliyevin ifasında təqdim olunmuş Azərbaycan rəqsləri, habelə Azərbaycan milli mətbəxinin ləziz təamlarından olan şirniyyatlar iştirakçıların böyük marağına səbəb olmuşdur.

Festival çərçivəsində səfir N.Qurbanova yerli radioya müsahibə vermişdir.

Mission News Theme by Compete Themes.