Press "Enter" to skip to content

Xaçmazlı döyüşçülər haqqında kitabın duyğulu təqdimatı

Əntiqə Qonaq, Könül Əskərova, Tariyel Didarov və Azər Həsrət

Son yeniləmə: 12 May 2024 21:12

BAYRAQDAR MEDİA – Xaçmazdakı Heydər Əliyev Mərkəzi növbəti möhtəşəm tədbirə ev sahibliyi edib. Burada əslən Xaçmazdan olan, Bakıda yaşayıb yaradan Əməkdar jurnalist Əntiqə Qonağın “44 günlük savaşın 444 cəngavəri” adlı üçcildliyinin növbəti təqdimatı keçirilib.

Təqdimatda rayon rəsmiləri, ictimai fəallar, qazilər, şəhid yaxınları ilə bərabər Bakıdan gələn qonaqlar da iştirak edib.

Az sonra təqdimat başlayır
Az sonra təqdimat başlayır

Mərkəzin geniş zalında keçirilən tədbirdə Əməkdar jurnalist Azər Həsrət təqdimatla bağlı giriş sözü söyləyib, əsas hissəyə keçməzdən öncə şəhidlər üçün sayğı duruşu elan edib. Daha sonra söz moderator – 44 günlük Vətən savaşının qazisi, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı, mayor Tariyel Didarova verilib.

Tariyel Didarov Əntiqə Qonaq və onun kitabı haqqında fikirlərini səsləndirib. O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycanın ən igid oğulları Vətən torpaqlarını azad etməklə tarix yazıb. O, deyib ki, bu tarixin kitablaşdırılması məhz Əntiqə xanım kimi qələm adamlarının işidir.

Tariyel Didarov əlavə edib ki, Əntiqə Qonağın özü də bir vaxtlar Qarabağ torpaqlarını qarış-qarış gəzib, 1-ci Qarabağ savaşı zamanı hərbi jurnalist kimi o günləri tarixə keçirib.

“44 günlük savaşın 444 cəngavəri”

Sözügedən Mərkəzin direktoru Könül Əskərova isə çıxışında qeyd edib ki, rəhbərlik etdiyi məkan məhz milli dövlətçilik məsələlərinin təbliğ edilməsi, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlət və millət yolunda gerçəkləşdirdiyi fəaliyyətləri tanıtmaq üçündür. O, qeyd edib ki, Əntiqə Qonağın kitabları da bu baxımdan geniş auditoriyaya tanıdılmalı, Azərbaycan dövlətinin tarixi qələbəsinin sənədləşdirilməsi kimi dəyərləndirilməlidir.

"44 günlük savaşın 444 cəngavəri" üçcildliyi
“44 günlük savaşın 444 cəngavəri” üçcildliyi

Təqdimatda daha sonra şəhid yaxınları və qazilər çıxış edib. Onlar olduqca qısa danışsalar da zalda oturanlara kövrək və həyəcanlı anlar yaşadıblar.

Şəhid Kərəm Veyisovun anası Nərgiz xanım, şəhid Rəhim İmamovun anası Yasəmən xanım qısa çıxış edərək Əntiqə Qonağın işini yüksək qiymətləndirib.

Məktəb direktorları – Gülşən Əhmədova (Qaradağlı kənd tam orta məktəbi), Əzim Rəhimxanov (Maqsudkənd ümumi orta məktəbi) və Radik Bədəlov (Xanoba kənd ümumi orta məktəbi) çıxış edərək belə əsərlərin məktəblilərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük töhfə verdiyini deyib.

Pedaqoq və ictimai fəallar Sevda Bağırova, Gövhər Rüstəmli Sədaqət Cəmiyeva da çıxışlarında müəllifin ərsəyə gətirdiyi böyük həcmli əsərlə bağlı yüksək fikirlərini dilə gətirib. Onlar Əntiqə Qonağın gördüyü işi Vətən torpaqlarının azad edilməsinə canı və qanıyla nail olmuş igid oğulların tarixi xidmətlərinin yaşadılması baxımından qiymətləndiriblər.

Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin sədri, pedaqoq və şair Fərzalı Ziyanur isə kitabla bağlı danışmaqla bərabər gənclərin Vətən sevgisinə aid maraqlı müşahidələrini dilə gətirib.

Bakıdan gələn qonaqlar – tərcüməçi, Prof. Anna Bartkulaşvili, pedaqoq-psixoloq Lalə Məmmədkərimova, müəllim Təranə Məmmədzadə də çıxışlarında müəllifin gördüyü işi yüksək dəyərləndiriblər.

Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət isə geniş çıxış edərək şəhid analarının qürurlu duruşu, qazilərin təvazökarlığı haqqında danışıb. O, qeyd edib ki, Vətən torpaqlarının azadlığı uğrunda canlarını və qanlarını fəda edən igid oğullar millətin namusunu təmizləyib, Azərbaycan xalqının qürurunu özünə qaytarıb.

Sonda kitabın müəllifi Əntiqə Qonaq çıxış edərək təqdimata toplaşanlara təşəkkür edib. O, kitabın yazılması zamanı etdiyi müşahidələr, rastlaşdığı duyğusal anlar haqqında danışıb. Müəllif deyib ki, 444 döyüşçü haqqında məlumat toplamaq elə də asan olmayıb. Döyüşçülərin çoxu danışmağa meylli olmayıb, onlar bir qayda olaraq böyük bir iş görmədiklərini, Vətənə borclarını verdiklərini deməklə təvazökarlıq ediblər.

Tədbirin sonunda müəllif kitab imzalayıb, xatirə şəkilləri çəkilib.

Tədbir iştirakçılarının bir qrupunun müəlliflə xatirə şəkli
Tədbir iştirakçılarının bir qrupunun müəlliflə xatirə şəkli

Əlavə edək ki, sözügedən kitabın ilk iki cildinin təqdimatı 2023-cü ilin oktyabrında Xaçmaz Heydər Əliyev Mərkəzində keçirilib. Kitabın 3-cü cildi dərc edildikdən sonra 2024-cü ilin aprelində AMEA Mərkəzi Elmi Kitabxanasında onun geniş təqdimatı təşkil edilib.

“44 günlük savaşın 444 cəngavəri” kitabının təqdimatı – VİDEO

Mission News Theme by Compete Themes.