Son yeniləmə: 12 May 2024 17:50
Prof. Nizaməddin Şəmsizadə: Azərbaycanı ikiyə bölməkləri bəs deyilmiş, indi də ədəbiyyatını əlindən almaq istəyirlər
BAYRAQDAR MEDİA – İranı idarə edən fars-molla rejiminin dahi Azərbaycan şairi Nizami Gəncəvini farslaşdırmaq cəhdi son zamanlar daha da artmaqdadır. Nizami Gəncəvinin bir şeirinə istinad edilərək şairin doğulduğu yer kimi İranın hansısa Tad kəndi göstərilir.
Bu barədə əməkdar elm xadimi, dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, Prof. Nizaməddin Şəmsizadə BAYRAQDAR MEDİA-ya özəl açıqlama verib.
Professor bildirib ki, “dahilər dahisi, böyük düha, Şərq insanının ən uca zirvəsi olan Nizami Gəncəvini hər bir millət fürsətdən istifadə edib özününküləşdirməyə çalışıb. Bu, təzə məsələ deyil. XX əsr və ondan əvvəl Nizaminin fars şairi olduğunu iddia edənlər olub. Məsələn, İranın keçmiş Prezidenti Mahmud Əhmədnejad Azərbaycana səfəri zamanı Gəncədə Nizaminin məqbərəsini ziyarət edib. Orada məqbərəni ziyarət edən qonaqların kitabına yazmışdı ki, Nizami İran şairidir. Təkcə Nizami deyil, kim farsca yazıbsa, farslar onu öz şairləri hesab edib. Nizaminin dövründə yaxın Şərqdə bədii ədəbiyyatın dili farsca idi. O dövrdə Azərbaycan türk dili susdurulurdu. Nizami də fars dili vasitəsi ilə əsərlərini dünyaya çatdırmaq istəyib. Ona görə ki, fars dilində poeziya daha yaxşı səslənirdi. Farsların içində ağıllı adam varsa, Nizaminin əsərlərini oxuyub görər ki, əsərlər türk ruhu, düşüncə tərzi ilə yazılıb”.
N.Şəmsizadə Nizamini bəşəriyyətin şairi adlandırıb: “Nizami Gəncəvinin əsərlərində ən böyük hörmət insana olan hörmətdir. Onlar Nizamini niyə özününküləşdirirlər? Bəlkə Nizaminin də boğazına ilgək keçirib edam etmək istəyirlər? Yox, bu mümkün olan şey deyil. Nizami Azərbaycan xalqının, türk dünyasının, bəşəriyyətin övladıdır. Təkcə İranın yox, bəşəriyyətin şairidir. O dövrün ədəbiyyatında xüsusi bədii mənada işlədilən yeri tarixi mənada qəbul etmək lazım deyil. Bəzən bədiilik və tarixilik üst-üstə düşməyə bilər. Bir məsələni qeyd etmək istəyirəm. Şekspirin müasiri məşhur ingilis filosofu Frensis Bekon dahilərin cədvəlini düzəldib. Birinci yerdə yunan şair Homer, ikinci yerdə fars şairi Firdovsi, üçüncü yerdə Nizami, dördüncü yerdə özbək şairi Əlişir Nəvai, beşinci yerdə isə Vilyam Şekspirdir. O dövrdə ölkələr arasında sərhədlər olmadığı kimi ədəbiyyatda da mənim-sənin söhbəti olmayıb. Ədəbiyyatda xüsusi ilə Şərqdə mənim-sənin anlayışı XIX əsrdə Azərbaycan ikiyə bölündükdən sonra başlayıb”.
Qeyd edək ki, 1828-ci ildə Rusiya İmperiyası hazırda İran adlanan və o dövrdə mövcud olmuş türk Qacar İmperiyası ilə müharibədə qalib çıxdıqdan sonra tarixi Azərbaycan torpaqlarının bir hissəsini – hazırkı Azərbaycan Respublikasını ilhaq etdi. Bu ilhaq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrü istisna olmaqla 1991-ci ilədək davam etdi. Azərbaycanın Quzeyi müstəqilliyə qovuşsa da Güney hissəsi sonradan İran adlandırılan və farsların hakimiyyətinə keçmiş dövlətin əsarəti altında qalmaqdadır.