Son yeniləmə: 13 May 2024 13:56
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada keçirilən prezident seçkilərində qalib gələn VMRO DPMNE-dən Gordana Siljanovska Davkova Dövlət Seçki Komissiyasından (DSK) qeydiyyat şəhadətnaməsini alıb.
Timebalkan saytı xəbər verir ki, DSK bu il aprelin 24-də və mayın 8-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqladıqdan sonra Quzey Makedoniya Respublikasının seçilmiş prezidenti Qordana Silyanovska Davkovaya mandatını verib.
DSK sədri Aleksandar Daştevski sənədi Siljanovska Davkovaya təqdim edib və Komissiya adından ona uğurlu səlahiyyət müddəti arzulayıb.
Universitet professoru Gordana Siljanovska-Davkova Quzey Makedoniyanın altıncı prezidenti və bu vəzifəyə seçilən ilk qadın olacaq.
1953-cü ildə Ohriddə anadan olan və ölkənin ilk qadın prezidenti olacağı gözlənilən Siljanovska Davkova bir müddət dövlət universitetinin hüquq fakültəsində konstitusiya hüququ və siyasi sistemdən dərs deyib. 1992-1994-cü illərdə Parlamentin Konstitusiya Komissiyasının üzvü və dövlət naziri olmuş Siljanovska Davkova BMT-nin Seçki üzrə Eksperti, Avropa Şurasının Yerli İdarəetmə Ekspert Qrupunun vitse-prezidenti və Venesiya Komissiyasının üzvü vəzifələrində çalışıb.
2019-cu ildə ölkədə keçirilən prezident seçkilərində də namizəd olan Siljanovska Davkova seçkini ikinci turda uduzub.
Silyanovska Davkova 2020-ci ildən Quzey Makedoniya Assambleyasında deputat vəzifəsində çalışırdı.