Press "Enter" to skip to content

Necati Zengin: Belə bir təklif olsa, gələrəm

Necati Zengin

Son yeniləmə: 12 May 2024 15:46

BAYRAQDAR MEDİA – Trabzon Sənət Teatrının qurucusu, rejissoru, bədii rəhbəri Necati Zenginin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini təqdim edirik.

-Necati bəy, Azərbaycana gəlişiniz ilk dəfədirmi?

-Azərbaycana ilk dəfə gəlirəm. Daha əvvəl Tbilisidə çox oldum. Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrında rol aldım. Klassik gürcü tamaşası idi. Azərbaycandan beş aktyor, mən və bir də gürcü aktrisa var idi. Tamaşa üç dildə oynanıldı. Tamaşa üçün iki il Tbilisiyə gedib-gəldim. Batumiyə isə teatr truppası ilə getdik. Qardaş Azərbaycana da ilk dəfə Trabzon Sənət Teatr truppası ilə gəlmişəm.

-Dörd günlük səfərinizdə Bakı şəhərini yaxşı gəzə bildinizmi?

-Bəli, gəzə bildik. Xəzəri gördüm. Kitab mağazalarını gəzmişik. Xalqın bizə qarşı olan marağı çox xoş oldu. Çox xoşbəxt olduq. Ümid edirəm ki, bu qardaşlıq, bu bağ, bu mədəni mübadilə gələcəkdə də davam edər.

Qardaş Türkiyənin teatrı təltif edildi

-Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində Azərbaycana gəlmisiniz. Burada olduğunuz müddətdə dövlət və ya özəl teatrlardan təklif aldınızmı?

-Hələ ki, belə bir təklif almamışıq. Belə təklif olsa, mütləq gələcəyik. İki dövlət arasında bu mədəni bağın davam etməsini çox istəyirəm. Rejissor kimi 40-dan çox tamaşaya rejissorluq etmişəm. Bakıda tamaşalar səhnələşdirmək istərdim. Rejissor olaraq gəlmək istəyirəm. Belə bir təklif gələrsə, sevə-sevə gəlib çalışaram.

-Trabzona Azərbaycan aktyorları dəvət olunubmu?

-Azərbaycan teatrlarını 2002-ci ildən tanıyırıq. Trabzonda “Beynəlxalq Qara Dəniz Teatr Festivalı” var. Azərbaycan teatr truppası hər il iştirak edir. Məsələn, Akademik Milli Dram Teatrı “Hamlet”lə, Bakı Bələdiyyə Teatrının mərhum Amaliya Pənahovanın rəhbərliyi ilə “Dəli Domrul” tamaşasını izləmişik. Amaliya xanım həm də mənim dostum idi. Mərhum Azər Paşa Nemətovun rejissoru olduğu “12 gecə”ni 2023-cü ildə Trabzonda izləmişik. Hər il may ayında bu festival başlayır. Bu il də Azərbaycan Dövlət Pantomima Teatrı Çingiz Aytmatovun “Manqurt” tamaşası ilə iştirak edir. Sabah axşam Trabzonda onu izləməyə gedəcəyik.

Azərbaycan və Türkiyə mədəniyyəti üçün gözəl hadisə

-Azərbaycandan başqa hansı türk dövlətlərinə səfər etmisiniz?

-Mən daha öncə türk tarixi ilə bağlı maraqlı tamaşalar səhnələşdirmişəm. Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” tamaşasını hazırlamışam. Güney Azərbaycanda “Köşə” adlı tamaşa qurmuşam.

-4 günlük səfər çərçivəsində ən yadda qalan anınız varmı?

-Tamaşaçıların tamaşanı başa düşməsi, bəyənməsi, tamaşadan razı qalması və alqışları ən gözəl an olaraq yadda qaldı. Biz teatr aktyorları tamaşanı o alqışı, o sevgini almaq üçün edirik. Aylarla işləyirik. Sonra çıxıb tamaşanı oynayırıq. Sonda da alqışlar bir növ bizim mənəvi qidamız olur. 47 ildir ki, teatrla məşğulam. Əslində isə fizika mühəndisiyəm. Çox tələbəm var. 40-dan çox tamaşa səhnələşdirmişəm. Biz pul qazanmağı düşünmürük. O alqışlar bizə bəs edir. Onu da daha çox biz qardaş Azərbaycanda gördük. Çox şad oldum.

-Gələcəkdə hansı ölkələrə səfər planlaşdırılır?

-Növbəti mövsüm Qazaxıstandakı bir oyunu səhnələşdirəcəyik. Çingiz Aytmatovun əsəri əsasında tamaşa hazırlamışam. Qırğızıstanda, İranda, Azərbaycanda tamaşa hazırlamışam. Bu coğrafiyanın və bu mədəniyyətin teatrını türk dünyasında tanıtmaq istəyirəm.

Mission News Theme by Compete Themes.