BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlərdən biri də şair, jurnalist Pərixanım Mikayılqızının (Muradova) “Klassik irsimizin zərif nümayəndələri” kitabıdır.
Nəşrə filologiya elmləri doktoru, Dos. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Mərziyə Nəcəfovanın yazdığı ön sözdə deyilir: “Klassik ədəbiyyatımızda onlarla qadın şairlərin adlarına rast gəlmək olur ki, bu qadınların hər biri öz yaşadıqları dövrün görkəmli, tanınmış adamlarının sırasında yer almışdırlar. Kitabda qeyd olunan klassik irsimizin qadınları haqqındakı yazılar müxtəlif dövrləri əhatə etsə də, hər birinin tale oxşarlığında eynilik vardır. Bu qadınlar istər varlı, tanınmış təbəqənin, istərsə də yoxsul ailələrin nümayəndələri olsun fərq etməz hər birinin həyatının kövrək, kədərli anlarının olduğunu görmək olur. Azərbaycan mədəniyyətində və ədəbiyyatında məşhur olan bu qadınların əksəriyyətinin acınacaqlı həyat şəraitlərinin olmasına baxmayaraq, onların hər birinin mübarizliyi, cəsarəti, müasir fikirləri və öz dəstixətti olmuşdur”.
Kitabda “Məhsəti Gəncəvi”, “Ağabəyim Ağa Ağabacı”, “Heyran xanım”, “Aşıq Pəri”, “Xurşidbanu Natəvan”, “Fatimə xanım Kəminə”, “Şahnigar (Rəncur) Qiyasbəyova”, “Səkinə xanım Axundzadə”, “Firuzə xanım Ağazadə”, “Qəmərnisə bəyim (Şeyda)”, “Badisəba xanım Vəkilova”, “Şəfiqə xanım Əfəndizadə”, “Gövhər xanım Qazıyeva (Göyərçin xanım)”, “Sara xanım Vəzirova”, “Qeysər xanım Kaşıyeva”, “Məryəm xanım Bayraməlibəyova”, “Mişkinaz xanım”, “Şövkət xanım Səlimova”, “Əzizə xanım Cəfərzadə” başlıqlarda onlar haqqında məlumatlar yer alır.
Qeyd edək ki, nəşrin elmi məsləhətçisi M.Nəcəfova, redaktoru təhsil işçisi, müəllim Samirə Seyidova, dizayneri Aygün Məhərrəmova, komputer tərtibatçısı isə Fariz Məhərrəmovdur.