Press "Enter" to skip to content

Bu xəbərdarlığın arxasında qətiyyət, iradə və konkret addımlar dayanır

Dr. Yücel Karauz

Son yeniləmə: 13 May 2024 11:29

Dr. Yücel Karauz: Güney Qafqazı yenidən müharibəyə sürükləyən xarici ölkələr Prezident İlham Əliyevin bu xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar

BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyev mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışındakı çıxışı zamanı Ermənistana, həmçinin bu ölkəyə silah-sursat verən, erməniləri yenidən revanşist addımlara sövq edən dövlətlərə sonuncu dəfə xəbərdarlıq etdi. Hesab edirəm ki, Ermənistanın revanşist qüvvələri, o cümlədən bu gün Güney Qafqazı yenidən müharibəyə sürükləyən xarici ölkələr Prezident İlham Əliyevin bu xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Türkiyəli general bildirib ki, Prezident İlham Əliyevin bu xəbərdarlığının sadəcə söz xətrinə deyilmədiyi və bunun arxasında konkret addımların, qətiyyətli hərəkətlərin durduğu bütün dünyaya məlumdur: “Bildiyiniz kimi cənab Prezident İkinci Qarabağ müharibəsindən öncə də istər Ermənistana, istərsə də bu ölkəyə dəstək verən yaxın və uzaq xaricdəki bəlli güclərə, həmçinin sülhyaratma missiyasını üzərinə götürsə də, heç bir addım atmayan ATƏT-in Minsk Qrupuna bu cür xəbərdarlıq etmişdi. Cənab Prezident həmin xəbərdarlığında münaqişənin sülh yolu ilə həllini təklif edir və bunun üçün dünya birliyini hərəkətə keçməyə çağırırdı. Hərəkətə keçmək isə ondan ibarət idi ki dünya birliyi, xüsusilə də ATƏT-in Minsk Qrupu Ermənistanı nəhayət ki, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə məcbur etməli idi. Təəssüflər olsun ki, xarici güclər, həmçinin Ermənistan hakimiyyəti bu xəbərdarlığa adekvat reaksiya vermədi. Əksinə Ermənistan daha da azğınlaşdı və silsilə təxribatlar törətdi. Nəticədə də nələrin baş verdiyini bu gün bütün dünya bilir”.

Dr. Y.Karauz bildirib ki, həmin vaxt Azərbaycanın səbrini daşırdılar: “Nəticədə də 2020-ci ci il 44 günlük Vətən savaşında bütün dünya Azərbaycanın gücünü, Azərbaycan ordusunun qüdrətinin gördü. Bütün dünya bir daha əmin oldu ki, Prezident İlham Əliyev hər hansı bir xəbərdarlıq edəndə bunu sadəcə söz xətrinə etmir. O xəbərdarlığın arxasında qətiyyət, iradə və konkret addımlar dayanır”.

Türkiyəli general əlavə edib ki, həmin vaxt Azərbaycanın xəbərdarlıqlarına lazımı reaksiya verməyənlər bu gün də həmin səhvi təkrarlayırlar: “Bu gün biz görürük ki, Rusiya-Ukrayna cəbhəsində, Suriyada, İraqda baş verən qanlı olayları Güney Qafqazda təkrarlamaq istəyən qüvvələr, belə deyək ki, Batının müharibə partiyası bütün gücü ilə hərəkətə keçib. Onlar Güney Qafqazda yenidən müharibənin olması üçün çalışır və Ermənistanı buna şövq gedirlər buna həvəsləndirirlər”.

Dr. Y.Karauz onu da vurğulayıb ki, həmin qüvvələr bunu heç də Ermənistanı sevdikləri üçün etmirlər: “Həmin qlobal güclər Ermənistanın işğalçılıq meyillərindən, bu ölkənin zaman-zaman bu və digər xarici qüvvənin əlində oyuncağa çevrilmək mərəzindən məharətlə yararlanmaq istəyirlər. O mənada ki, bu gün Ermənistana o silah-sursatı verənlərin əsas məqsədi Güney Qafqazda əbədi sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır. Bu qaranlıq məqsədləri üçün də Ermənistandan maşa kimi istifadə edirlər. Lakin bu cəhdlər əbəsdir və yenə də uduzan Ermənistan, həmçinin bu ölkəni müharibəyə sövq edən xarici güclər olacaq”.

Mission News Theme by Compete Themes.