Son yeniləmə: 13 May 2024 09:40
Ali Kınık türk dünyası və Turan sevdalılarına “Yalnız değilsin” deyəcək
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, türk dünyasının xalq yaradıcılığı musiqisinin tanınmış ismi, yazıçı və bəstəkar Ali Kınık Bakıya gəlir.
Mayın 24-də tanınmış sənətkar “Yalnız değilsin” adlı solo konserti ilə Heydər Əliyev Sarayında çıxış edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya konsertin təşkilatçısı olan “Yaz” mediagroupdan məlumat verilib.
Bildirilib ki, “konsert saat 20:00-da başlayacaq. Türk dünyasının sevilən nəğmələrini dinləmək istəyənlər biletləri şəhərin kassalarından və həmçinin onlayn olaraq iTicket.Az saytından əldə edə bilərlər. “YAZ” Mediagroupun təşkilatçılığı ilə, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyin, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin və “Z Company-2007”nin təşkilati dəstəyi ilə keçiriləcək solo konsert proqramına hər kəs dəvətlidir”.
Onu da xüsusi olaraq qeyd edək ki, “Yalnız değilsin” bir müddət Türkiyənin ATV kanalında yayımlanan “Eşkiya dünyaya hükümdar olmaz” və TRT1 kanalında yayımlanan “Gönül Dağı” seriallarınıda səsləndirilib.
Ümumiyyətlə, Ali Kınık öz sənəti ilə, bəstələdiyi və ifa etdiyi mahnılarla türk dünyasına, türkçülüyə və Turan idealına xidmət edən sənətkar kimi tanınır. Bu baxımdan onun Bakı konserti də türk dünyasına səs salacaq.
Məlumatda o da qeyd edilir ki, konsertdə Ali Kınıkla birgə Azərbaycanın 30 şəhid övladından ibarət “Zəfər sədası” uşaq xor qrupunun ifasında “Türk övladı” mahnısının təqdimatı da planlaşdırılır: “Bundan başqa Ali Kınıkın konsertinə gələnlər onun dillər əzbəri olan və hər biri türk dünyası üçün sanki çağırış, milli marş kimi sevilən “Türkün Gücü”,“Tanrının Ordusu”, “Kurtlar Sofrası”, “Yalnız Değilsin”, “Zemheri”, “Koca Reis” və s. mahnılarını ddinləmək şansı əldə edəcəklər”.