Son yeniləmə: 13 May 2024 13:45
BAYRAQDAR MEDİA – Batı Trakyada türk azlığın digər problemlər kimi təhsil problemləri də var.
Millet Gazetesinin məlumatına görə, bunu Batı Trakya Türk Öğretmenler Birliğinin sədri Aydın Ahmet deyib.
Məlumata görə, Yunanıstan baş nazir Kiryakos Miçotakisin Türkiyəyə səfərindən gözləntilərlə bağlı Anadolu Ajansının sualını cavablandıran A.Ahmet türk azlıqların təhsil problemlərinə diqqət çəkərək, ikidilli təhsil verəcək uşaq bağçalarının açılmasının vacibliyini vurğulayıb.
A.Ahmet ikidilli uşaq bağçası tələblərinin Yunanıstan rəsmiləri tərəfindən yerinə yetirilmədiyini də bildirib: “Bizim ən böyük problemimiz odur ki, dövlət heç vaxt azlıqlara müraciət etməyib. Bu günə qədər dövlət azlıqların təhsili ilə bağlı bütün qərarları birtərəfli qaydada qəbul edib və həmin qayda qüvvəyə minib. Təəssüf ki, bununla bağlı azlığın tələblərinin heç biri nəzərə alınmayıb”.
1926-cı ildə azlıqların ibtidai məktəblərinin sayının 307 olduğunu xatırladan A.Ahmet uşaq sayının azlığını bəhanə edərək bu rəqəmin indi 90-a düşdüyünü söyləyib. O, türk azlığının beynəlxalq müqavilələrlə onlara verilən hüquqdan istifadə edərək təhsil müəssisələri açmaq istədiyini, lakin onların tələblərinin dövlət tərəfindən nəzərə alınmadığını bildirib.