BAYRAQDAR MEDİA – Türkiyənin Karabük şəhərində yerləşən Karabük Azerbaycanlılar Həmrəylik Mədəniyyət və İncəsənət Dərnəyi tərəfindən konsert proqramı təşkil edilib. “Bir millət iki dövlət: Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 101-ci ili” adlı konsert proqramı Ulu öndər Gazi Mustafa Kemal Atatürkün ve Ulu öndər Heydər Əliyevin, eləcə də şəhidlərin əziz ruhlarının yad edilməsi ilə başlanıb. Daha sonra isə iki qardaş ölkənin dövlət himnləri oxunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya proqramın qonağı, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın məlumat verib.
Qeyd olunub ki, Karabük Azərbaycanlılar Həmrəylik Mədəniyyət və İncəsənət Dərnəyinin İdarə Heyətinin sədri Eşqin İsmayılov açılış və salamlama çıxışı edib: “Çıxışda xüsusi olaraq vurğulanıb ki, müasir Azərbaycanın qurucusu və xilaskarı Heydər Əliyev Türkiyə ilə Azərbaycan arasındakı sıx əlaqələrin qurulmasına böyük önəm vermişdir. Bu qardaşlıq əlaqələri ölkələrimiz arasında bu gün də davam etməkdədir. 2021-ci ildə Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində və sonrasında Türkiyə hər daim Azərbaycanın yanında yer almışdır”.
Məlumata görə, Eşqin İsmaylov çıxışını Azərbaycan Prezidenti İlham Əliyevin Ümumilli Liderin məzarı başında söylədiyi “Xoşbəxt adamam ki ata vəsiyyətini yerinə yetirdim” sözləri ilə tamamlayıb.
Sonra söz Türkiyə Azərbaycan Dərnəklər Federasiyası İdarə Heyətinin sədr müavini və Eskişehir Azərbaycanlılar Dərnəyinin İdarə Heyətinin sədri Cavid Aydına verilib.
Məlumata əsasən, C.Aydın çıxışına “Ulu öndər Gazi Mustafa Kemal Atatürkün dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” düşüncəsi ilə Karabük Azərbaycanlılar Həmrəylik Mədəniyyət və İncəsənət Dərnəyinin təşkil etmiş olduğu tədbirdə sizlərlə bir yerdə olmaqdan qürur duyuruq” sözləri ilə başlayıb.
Çıxışında Ulu öndər Heydər Əliyevin türk dünyası qarşısındakı misilsiz xidmətlərindən də bəhs edən C.Aydın daha sonra deyib: “Dahi şəxsiyyət Heydər Əliyev “hər bir şəxsin milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən hər zaman fəxr etmişəm bu gün də fəxr edirəm ki mən Azərbaycanlıyam” deyirdi. Bu gün də bizlər deyirik ki, biz xoşbəxtik ki, Azərbaycanlıyıq. Biz xoşbəxtik ki, qalib ölkənin vətəndaşlarıyıq və o xoşbəxtliyi bizə yaşadan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevdir”.
Tədbir daha sonra Azərbaycan milli rəqsləri və mahnılarından ibarət konsertlə davam edib.
Sonda isə fərqlənən dərnək üzvlərinə sertifikatlar təqdim edilib.