BAYRAQDAR MEDİA – Türkiyə Milli Müdafiə Universitetin nümayəndə heyətinin “Xarici tədris gəzintisi” çərçivəsində Azərbaycana səfəri başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “türkiyəli qonaqlar səfər çərçivəsində Quru Qoşunlarını və Əlahiddə Ümumqoşun Ordunu (ƏÜO) ziyarət ediblər. Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qardaş ölkə ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində Türkiyə nümayəndə heyəti, həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərini ziyarət edib və burada dislokasiya olunan hərbi hissələrdə olub. Qonaqlara işğal dövründə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri haqqında ətraflı məlumat verilib”.
Daha sonra xəbərdə bildirilir ki, “komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan şərait, eləcə də Azərbaycan bölmələrinin arsenalında olan döyüş texnikaları ilə tanış olublar. Sonra hərbi qulluqçularla görüş keçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən bölmələrin keçdiyi döyüş yolu haqqında geniş məlumatlandırılıb. Daha sonra türkiyəli nümayəndələr ƏÜO-nu ziyarət ediblər. Müdafiə nazirinin müavini – ƏÜO komandanı general-polkovnik Kərəm Mustafayev Türkiyəli nümayəndə heyəti ilə görüşüb”.
Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi təhsilin cari vəziyyəti müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsi məqsədi ilə bu cür görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb.