Son yeniləmə: 10 May 2024 10:28
Yaxud ana müxalifət partiyasında sabaha ümidlə baxmağa xidmət edən ÖZEL inqilablar baş verir
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə martin 31-də keçirilən yerli seçkinin nəticəsi inqilabi xarakter daşıyır. Bəli, biz bu nəticəni məhz bu cür dəyərləndirə bilərik və “inqilabı xarakter daşıyır” ifadəsini heç də təsadüfi işlətmədik. Çünki bu seçkilər bir çox məsələlərdə Türkiyə siyasətində “U dönüşü”nün əsasını qoydu.
CHP öz daxilində inqilab edə bildi
Əvvəla, Cümhuriyyət Xalq Partiyası (CHP) uzun illərdən sonra seçkilərdə qalib gələn partiya kimi ilk sırada dayandı. Təbii ki, bu qalibiyyəti şərtləndirən bir çox səbəblər var idi. Əsas səbəblərdən biri, hətta bəlkə də birincisi CHP-nin öz daxilində, belə deyək, inqilab edə bilməsi ilə bağlı idi.
Özgür Özelin partiyanın genel başqanı seçilməsi ilə əsası qoyulan bu inqilab tez bir zamanda bütün sahələrə öz təsirini göstərdi.
Düzdür, yerli seçkilər ərəfəsində özünü partiyanın tək sahibi kimi hiss edən Ekrem İmamoğlunun terrorçu PKK-nın siyasi qanadı olan DEM-lə qucaqlaşmaq siyasəti istər CHP daxilində, istərsə də ümumilikdə Türkiyədə Atatürkçü kəsimi ciddi narahat edirdi. Hətta seçkilər ərəfəsində səfər etdiyim Eskişehirdə başından bəri CHP yanlısı və Atatürk sevdalısı insanların bəzilərində bir ümidsizlik də hiss etmişdim. Bu ümidsizlik Atatürkün CHP-sinin getdikcə terrorçularla, türk dünyası düşmənləri ilə daha da sıx təmas qurmasından dolayı yaranmışdı. Lakin şükürlər olsun ki, qurultayda yeni genel başqan seçilən Özgür Özel yavaş-yavaş da olsa CHP-ni bəhs etdiyimiz uğursuz zolaqdan, daha da açıq desək, terrorçuların siyasi müttəfiqi olmaq təhlükəsindən uzaqlaşdırmaqdadır.
Son illər CHP-ni öz ağuşuna alan bəlli kəsimdən xilas olmaq üçün atılan addımlar
Yavaş-yavaş ona görə ki, son illər bu partiyanı öz ağuşuna alan bəlli kəsimdən tez bir zamanda xilas olmaq qeyri-mümkündür. Bunun üçün mərhələ-mərhələ addımlar atılmalıdır ki, onu da Özgür Özel ustalıqla edir.
Əslində, Özgür Özelin bu CHP-ni təmizləmə, türk qardaşlarımızın təbirincə desək, arındırma çabaları zamanında Recep Tayyip Erdoğanın əvvəl AK Partini, sonra isə ümumilikdə Türkiyəni FETÖ bəlasından xilas etmək çabaları ilə eyniyyət təşkil edir desək, heç də yanılmarıq. Bu məqam üzərində yazının sonrakı bölümlərində yenidən dayanacağıq.
Hələlik isə qeyd edək ki, Ö.Özelin rəhbər seçilməsi ilə CHP tədricən kəndinə qayıdır. Yəni CHP Atatürkün partiyası olduğu məsuliyyətini yenidən dərk edərək məhz o məsuliyyətdən doğan addımlar atmağa başlayıb.
Yenidən türk dünyasına və Azərbaycana dönüş
Bu addımların başında da yenidən türk dünyasına dönüş dayanır. Çünki CHP daxilində uzun illər yanlış reallaşan siyasət, səslənən lazımsız, hətta deyə bilərik ki, düşmənlərin mənafeyinə xidmət edən məsuliyyətsiz fikirlər ucbatından Atatürkün partiyası türk dünyasından, xüsusilə də Azərbaycandan uzaq düşmüşdü. Bu gün CHP-nin Özel komandası bunu daha incə formada etiraf etməyə cəhd etsə də, ortada bir reallıq var – CHP uzun illər Azərbaycanı düşünmədi. Əksinə Azərbaycanı, bizləri küsdürmək üçün CHP-nin bəzi öndə gələn isimləri əllərindən gələni etdilər.
Lakin şükürlər olsun ki, bu kabusa artıq son qoyulmaq üzrədir. CHP-yə rəhbər seçiləndən dərhal sonra Azərbaycanla bağlı olumlu fikirlər səsləndirən, hətta “Sabah” qəzetinin yazarı Yavuz Donata zəng edərək “Dost ve kardeş Azerbaycan’ı kırmışız… Yanlış yapmışız… Tamamen bizim hatamız” deyən Ö.Özel daha sonra eyni mövqeyə xidmət edən digər açıqlamalar verdi və çıxışlar etdi. CHP-nin yerli seçkilərdə qalib gəlməsindən sonra isə Ö.Özelin bu istiqamətdə konkret addımlar atılması üçün yenidən hərəkətə keçildiyi bəlli oldu.
Hər halda CHP rəhbərinin bu günlərdə Haber Türk TV-yə müsahibəsində sözügedən məqamla bağlı səsləndirdiyi fikirlər belə deməyə əsas verir.
HaberTürk TV'de gazetecilerin sorularını yanıtlıyorum https://t.co/9vZixoHl5p
— Özgür Özel (@eczozgurozel) May 8, 2024
Həmin müsahibəsində CHP genel başqanı seçiləndən dərhal sonra KKTC-yə səfər etdiyini deyən Ö.Özel ikinci səfərin də Azərbaycana olması üçün Bakıya müraciət etdiklərini vurğulayıb. Həmin vaxt Azərbaycanda prezident seçkisinin keçirilməsi ərəfəsi olduğu üçün bu səfər reallaşmayıb. Lakin CHP genel başqanı Bakıdan artıq müsbət mesaj alındığına işarə edərək səfərin tezliklə reallaşacağına dair açıqlama verib.
Özgür Özelin xüsusi dəyər verdiyi Devlet geleneği
Ən maraqlısı və dəyərlisi isə odur ki, CHP lideri bəhs edilən müsahibəsində KKTC-yə və Azərbaycana səfərlərin vacibliyinin “Devlet geleneği” ilə bağlı olduğunu bəyan edib və “bu bir devlet gelenğidir” deyib.
Düzü, uzun illərdir ki, Türkiyənin ana müxalifət partiyası rəhbərinin bu cür mövqe sərgiləməsini həm türkiyəli bacı-qardaşlarımız, həm də elə biz özümüz yadırğamışdıq. Şükürlər olsun ki, bunu da görə və eşidə bildik.
Yeri gəlmişkən, Özgür Özel bəhs edilən müsahibəsində ümumilikdə devlet geleneğinə bağlı olduğunu və bundan sonra da eyni cizgidən hərəkət etməkdə qərarlı olduğunu başqa məqamlarla bağlı fikirlərində də ifadə edib. Söhbət onun Türkiyə Cümhurbaşqanı və hakim AK Partinin genel başqanı Recep Tayyip Erdoğanla görüşü ilə bağlı məqamdan gedir.
Bu mqəamlara keçməzdən öncə deyək ki, Ö.Özelin R.T.Erdoğan, həmçinin MHP lideri Devlet Bahçeli ilə görüşləri, bu görüşlərlə bağlı səslənən açıqlamalar da həm CHP-nin, həm də Türkiyənin gələcəyinə daha ümidlə baxmağa əsas yaradır. Hər halda MHP lideri ilə görüşdə Devlet Bahçelinin Özgür Özele üzərində türk milliyyətçilərinin də simgələrindən olan “Üç hilal”ın əks olunduğu xatirə hədiyyəsi verməsi sıradan bir məsələ deyil. Böyük ehtimalla bu, CHP-nin artıq türk milli kimliyinə dönüşünə bir işarədir.
Qayıdaq “devlet geleneği” məsələsinə. Özgür Özel sözügedən müsahibəsində R.T.Erdoğanla görüşündən bəhs edir və olduqca vacib bir məsələnin üzərində dayanır. O, deyir ki, Erdoğanla görüşdə CHP başqanı olduğu dönəmdən etibarən xarici ölkələrə etdiyi səfərlər və oradakı çıxışları barədə Cümhurbasşqanına yazılı bilgi təqdim edib. Amma bu da son deyil. CHP lideri Cümhurbaşqanına belə bir təklif verib ki, o, hər hansı xarici ölkəyə səfər etməzdən öncə XİN-dən həmin ölkə, o ölkənin Türkiyəyə baxışı ilə bağlı məlumat alsın.
Əslində, olduqca alqışa layiq bir istəkdir. Hesab edirik ki, bu reallaşarsa uzun fasilədən sonra xarici siyasətdə Türkiyənin iqtidarı ilə müxalifəti eyni yoldan gedə biləcəklər. Bu da Özelin gətiridiyi ikinci inqilabi addım kimi tairxə düşə bilər.
Erdoğanın AK Partini təmizlədiyi kimi…
İndi isə yenidən qayıdaq bayaq bəhs etdiyimiz məqama. CHP-nin təmizlənməsi üçün atılan addımlara.
Qeyd etdiyimiz kimi, bu, əslində zamanında Recep Tayyip Erdoğanın əvvəl AK Partini, sonra isə ümumilikdə Türkiyəni FETÖ bəlasından xilas etmək çabalarına bənzəyir. Çünki bir zamanlar AK Partidə cərəyan edənlər son illər CHP-də baş verirdi. Söhbət türk düşmənlərini övmək, dostlarını incitmək siyasətindən gedir.
Kimsəyə sirr deyil ki, bir zamanlar FETÖ göstərişi ilə AK Partidə yuva quranlar, hətta ali vəzifələr əldə edənlər az qala bizi Ermənistanın ayağına vermək üçün dəridən-qabıqdan çıxır, ermənini qucaqlamaq üçün əmrə müntəzir dayanırdılar. Lakin şükürlər olsun ki, Recep Tayyib Erdoğan onları həm AK Partinin, həm də Türkiyənin həyatından silib atdı. Düzdür, son vaxtlar, xüsusulə də 31 mart seçkiləri və ondan sonra yenidən AK Partidən bu ünsürlərə xidmət edən bəzi fikirlər səslənir. Ancaq onların da tezliklə deşifrə olunacağına şübhəmiz yoxdur.
Eyni zamanda, bu cür ünsürlərin son illər CHP-də də yuvalandığı danılmaz həqiqətdir. Vəziyyət o qədər kritik hal almışdı ki, onlar Vətən müharibəsi zamanı Ermənistan üçün göz yaşı tökməyə qalxmışdılar. İndi isə vəziyyət dəyişib. Ümid edirik ki, Azərbaycana, yumşaq desək, yanlış yapanların CHP daxilindəki səsi nəhayət ki, kəsiləcək. Ən azından sayın Özelin “Dost ve kardeş Azerbaycan’ı kırmışız… Yanlış yapmışız… Tamamen bizim hatamız” fikirləri, Azərbaycanla münasibətdə “bəyaz səhifə açmaq” niyyəti və CHP-nin Azərbaycana münasibətdə məhz “bir millət – iki dövlət” prinsipi üzərindən addım atacağına dair olumlu mesajlar bizdə bu ümidi yaradır.