Son yeniləmə: 10 May 2024 09:08
Dr. Beycan İlyas: Quzey Makedoniyanı qarşıda son dərəcə ciddi siyasi gündəm gözləyir
BAYRAQDAR MEDİA – “Əvvəla Quzey Makedoniyadakı seçkilərə, o cümlədən Quzey Makedoniya türklərinin bu prosesdəki roluna diqqət ayırdığınız üçün sizin şəxsinizdə BAYRAQDAR MEDİA-ya minnətdarlıq edirəm. Konkret olaraq məsələyə gəlincə, tam rəsmi nəticələr elan olunmasa da, bu an etiabrı ilə mandat qazananlar bəllidir”.
Qarşıdakı 4 il ərzində Makedoniya parlamentində türklüyü təmsil edəcək yeganə partiya məhz Türk Demokrat Partiyası olacaq
Bunu Quzey Makedoniyadakı seşkilərin nəticələrini BAYRAQDAR MEDİA üçün dəyərləndirən bu ölkədəki Türk Demokrat Partiyasının (TDP) sədri Dr. Beycan İlyas deyib. O, həmin nəticələrə görə, özü də daxil bir neçə türk əsilli şəxsin də mandat qazandığını bildirib: “Bu nəticələrə görə mən artıq TDP sədri olaraq yenidən millət vəkili seçilmişəm. Qeyd edim ki, qarşıdakı 4 il ərzində Makedoniya parlamentində türklüyü təmsil edəcək yeganə partiya məhz Türk Demokrat Partiyası olacaq. Seçki ittifaqımıza gəlincə, ilk dəfədir ki, makedon olmayanbir partiya, yaxud birlik parlamentdə ikinci ən çox səs çoxluğuna malik olur. Eyni zamanda, bu seçkilərdə digər türk əsilli şəxslər də mandat əldə edə biliblər. Lakin onlar türk partiyalarından deyil, digər partiyaların namizədləri kimi parlamentə düşüblər”.
Bununla da Makedoniyanın tarixində ilk dəfə bir xanım prezident oldu
Dr. B.İlyasın sözlərinə görə, bu seçkilər 2 baxımdan önəm kəsb edirdi: “Əvvəla prezident seçkilərinin ikinci turu keçirilirdi. Eyni zamanda parlament seçkiləri keçirilirdi. Prezident seçkilərin ikinci turunda iki nəfər mübarizə aparırdı və son nəticədə müxalifətin VMRO-DPMNE və onun koalisiyasının birgə namizədi Qordana Siljanovska Davkova SDSM və koalisiyasının ortaq namizədi Stevo Pendarovskiyə böyük səs çoxluğu ilə qalib gəldi. Bununla da Makedoniyanın tarixində ilk dəfə bir xanım prezident oldu. Bazar günü parlamentdə keçiriləcək mərasimlə o rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayacaq”.
Sağ müxalifət parlamentdə 58 mandata sahib oldu
Parlament seçkilərinə gəlincə, müsahibimiz bildirdi ki, ilkin nəticələrə əsasən 120 yerlik parlamentdə ən çox mandata sahib olan məhz sağ mühafizəkar müxalifət VMRO-DPMNE-dir: “Bu gün VMRO-DPMNE 58, bizim də təmsil olunduğumuz “Avropa Cəbhəsi” 19, SDSM 18, VLEN 13, Levica 6 və ZNAM 6 millət vəkili ilə parlamentdə təmsil olunmaq haqqı qazanıb. Onu da xüsusi qeyd edim ki, VMRO-DPMNE bu uğuru millətçi fikirləri ilə qazandı. Seçkinin ən böyük zərbəsi isə bundan öncə iki dönəm ölkəni idarə edən sosial-demokratlara dəydi. Onlar yeni parlamentdə cəmi 18 millət vəkili ilə təmsil olunacaqlar”. Bu seçkilərin Quzey Makedoniyanın gələcəyində hansı təsir göstərəcəyinə gəlincə, Dr. Beycan İlyas dedi ki, bu bir az qayğı yaradır: “Çünki prezident və parlament seçkilərində qalib gələn partiya, belə deyək Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı danışıqlarda şərt olan konstitusiya dəyişiklikəri məsələsinə isti yanaşmır. Buna görə də bəzi qayğılarımız var. Ümid edirik ki, VMRO-DPMNE Quzey Makedoniyanın Avropa Birliyinə üzvülüklə bağlı müzakirələrin aparılmasının vacibliyini başa düşüb, gələcəyimiz üçün müsbət nəticələr verə biləcək addımlar atacaq”
Prosesin necə işləməsi VMRO-DPMNE-nin sərgiləyəcəyi mövqedən daha çox aslı olacaq
Dr. B.İlyas sonda “ümumilikdə seçkilərin nəticələri Quzey Makedoniyanl mürəkkəb bir situasiya qarşısında qoyub. Bu da ondan ibarətdir ki, önümüzdəki dönəmdə Quzey Makedoniyanı son dərəcə ciddi siyasi gündəm gözləyir. Təbii ki ana gündəm maddəmiz yenə də Avropa Birliyinə üzvlüklə bağlı danışıqların başlanması olacaq. Amma bu prosesin necə işləməsi yuxarıda da qeyd etdiyim kimi qalib gələn VMRO-DPMNE-nin sərgiləyəcəyi mövqedən daha çox aslı olacaq”.
TDP Quzey Makedoniya türklərinin qurduğu ilk siyasi təşkilatdır