Son yeniləmə: 10 May 2024 08:34
BAYRAQDAR MEDİA – Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) texnika elmləri üzrə fəlsəfə doktoru Qismət İbrahimovun öz kəndinə həsr etdiyi “Gecəgözlü xatirələrim və düşüncələrim” kitabının təqdimatı keçirilib.
Tədbiri nəşrin məsləhətçisi tarixçi, pedaqoq, şair Nazim Vəlişov açaraq kitab haqqında məlumat verib. O bildirib ki, müəllif kitabı Füzuli rayonunun Gecəgözlü kəndinə həsr edib. Pedaqoq Füzuli rayonu ilə 7 km məsafəsi olan sözügedən kəndin Ermənistan tərəfindən işğalı haqqında da məlumat verib. Həmçinin N.Vəlişov I və II Vətən müharibələrində kənd sakinlərinin qəhrəmanlıq göstərən şəhidləri haqqında da bəhs edib.
Ardınca çıxış edən millət vəkili Aqil Abbas bu tip kitabların cəmiyyət üçün vacibliyindən, əhəmiyyətindən danışıb, nəşri ərsəyə gətirdiyi üçün müəllifə təşəkkür edib, uğurlar diləyib.
Tədbirdə vurğulanıb ki, kitab rayonun tarixini araşdıranlar üçün çox lazımlı bir nəşrdir. Çıxış edənlər kitabla bağlı fikirlərini bölüşüblər, kitabın fundamental nəşr olduğunu dilə gətirərək müəllifə uğurlar arzu ediblər.
Qeyd edək ki, nəşrdə sözügedən kəndin tarixindən, kəndin orta məktəbinin inkişaf illərindən, 1938-1983-cü illər ərzində həmin məktəbdə çalışmış müəllimlərin ömür yollarından, onların məktəbin inkişafında, kənd gənclərinin savadlı, təhsilli olmaları üçün göstərdikləri fədakarlıqlardan bəhs edilir. Kitabda bütün mövzular real həqiqətlərdən, faktlardan götürülüb. Müəllifin kitaba “Gecəgözlü kənd məktəbindən Moskva universitetlərinə”, “Şirin sevginin acıları”, “Yemədim, üzüm qaldı” povestləri, “Yaylım əməliyyatı”, “Kvant jurnalı və boz inəyimiz” adlı hekayələri daxil edilib.