Press "Enter" to skip to content

Bir Manisa hekayəti – Səfər qeydləri

Şirvan nümayəndə heyəti festivalda

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, aprelin sonunda Şirvan şəhərindən bir nümayəndə heyəti qardaş Türkiyənin dost şəhəri Manisaya səfər edib. Səfərdən məqsəd burada keçirilən ənənəvi Mesir Məcunu Festivalında iştirak etmək olub.

Şirvan nümayəndə heyəti qardaş ölkədə

Heyətin üzvlərindən biri, Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Nəsibqızı səfər təəssüratlarını yazaraq BAYRAQDAR MEDİA-ya göndərib. Biz də bu təəssüratların maraqlı olduğunu nəzərə alaraq dəyərli oxucularımıza təqdim edirik.:

Azərbaycanın Şirvan və qardaş Türkiyənin Manisa şəhərləri arasında 2023-cü ilin 8 sentyabrında (Manisanın Qurtuluş Günü – 8 sentyabr 1922) “Qardaşlıq, dostluq Protokolu” imzalanıb. Bununla da hər iki şəhər arasında birgə layihələr, proqramlar, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Bu baxımdan Manisada keçirilən 484-cü Manisa Mesir Məcunu Festivalının 26-28 apreldə gerçəkləşən tədbirlərində Şirvan şəhərinin nümayəndə heyəti də fəal iştirak edib.

Nümayəndə heyətinin tərkibi Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan Şəhər Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Fəqani Həsənov, Şirvan Şəhər Peşə liseyunin direktoru Elnur Novruzov, Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Nəsibqızı (Məmmədova) və Şirvan Şəhər Mərkəzi Xəstəxanası Xəstə xidmətləri şöbəsinin müdiri Təranə Cəlilovadan ibarət idi.

Manisanın qonaq etdiyi Şirvan heyəti
Manisanın qonaq etdiyi Şirvan heyəti

Nümayəndə heyəti dost şəhərdə isti qarşılandı və zəngin proqramla təmin edildi. Heyəti ilk olaraq Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi İdarə Heyətinin başçısı Şentürk Hoşgül və komandası qarşıladı.

Saruhan hoteldə qonaqlanan heyət burada da yüksək diqqət və qayğı gördü. Hotelin təmizliyi, yüksək qulluğu, səliqə-səhmanı, yaşıllığı göz oxşayırdı.

Beynəlxalq “Manisa Mesir Məcunu Festivalı” proqramı çərçivəsində 26 aprel 2024-cü ildə nümayəndə heyəti Manisa Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrında səhnələşdirilən Manisanın işğalı, azad olunması – Magneziyadan Manisaya qədər keçdiyi şərəfli tarix yolunu əks etdirən tamaşaya baxdı. Teatrdan sonra isə Cümhuriyyət Meydanında “KÖFN” musiqi qrupunun konserti oldu.

Səfərin ikinci günü – aprelin 27-də əvvəlcə Manisanın tarixini əks etdirən muzeylərə ekskursiyalar təşkil olundu. Sultan Məscidi və Külliyəsi, Bimarhanə, Muradiyə Məscidi və Külliyəsi Manisa muzeyi, 7 Qız Türbəsi Eyvanı, Sultan Türbəsi, Ağlayan qala, Mövləvi Məscidi, Çanaqqala Şəhidlər Abidəsi və Muzeyi ziyarət olundu.

Qəbullar, hədiyyələr…

Daha sonra Manisa valisi Enver Ünlü valilikdə qonaqları qəbul etdi. Yüksək türk mədəniyyətinə dayanan görüş yaddaqalan oldu. Əminəm ki, vali öz səmimiyyəti, Manisa nemətlərini xüsusi qabiliyyət və bacarıqla qonaqlara təqdim etməsi ilə hər kəsin yadında qaldı. Eləcə də Manisa Böyükşəhər Bələdiyyə başçısı Memar Ferdi Zeyrek, Şahzadələr Bələdiyyə başçısı Gülşah Durbay və Manisa, Mesir Tanıtma və Turizm Dərnəyi başçısı Ufuk Tanık heyəti qəbul etdi və tərəflər bir-birlərinə rəmzi hədiyyələr təqdim etdi. Qarşı tərəfə təqdim olunan Şirvan şəhərində ucaldılmış, şəhərimizin simvolu hesab olunan “Zəfər abidəsi”nin xatirə hədiyyəsi və “Qarabağ” xalçası maraqla qarşılandı. Azərbaycanlı heyətə həm də Manisanın simvolik hədiyyələri təqdim olundu.

Manisa valisi Enver Ünlü
Manisa valisi Enver Ünlü

Diqqətçəkən məqamlardan biri də o idi ki, hər iki qurumda ilk olaraq Azərbaycan nümayəndə heyəti qəbul edildi. Bu bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə münasibətləri təkcə türk dünyası xalqları üçün deyil, bütövlükdə bir-birinə qardaş olan başqa ölkələr üçün də örnək təşkil edir. Türkiyə dövləti bizim qardaşımızdır, dostumuzdur, qonşumuzdur, strateji ortağımızdır.

Tədbir möhtəşəm qala yeməyi ilə davam etdi. Yeməkdən sonra heyət Cümhuriyyət meydanında müasir Anadolu rok musiqiçisi Kıracın konsertində iştirak etdi.

Səfərin üçüncü günü – aprelin 28-də heyət Manisada təhsil alan azərbaycanlı tələbələrin müşayiəti ilə Manisa Valiliyindən başlayaraq Manolya Meydanı, Sultan Camisi önünə qədər təşkil olunan ənənəvi Mesir Kortejində iştirak etdi. Azərbaycan və Türkiyə bayraqları coşqu ilə dalğalandırıldı. İnsanların əllərində nə qədər Türkiyə bayrağı vardısa, bir o qədər də Azərbaycan bayrağı görmək olardı. Bu isə bir daha onu göstərirdi ki, biz ortaq keçmişdən ortaq gələcəyə doğru gedirik.

7 ton məhsul paylandı

Festival hər kəs tərəfindən maraqla qarşılandı, 7 ton məhsul xalqa paylandı. Küçələri dolduran insan seli həqiqətən möhtəşəm idi. Meydanda əsl türk dalğası vardı. Bizim əcdadımız xalqları, mədəniyyətləri bir-birinə tanıtmış, dünyada ədaləti bərqərar etmişdir. Türk qardaşlığı bu gün də sülhə, əmin-amanlığa yönəlmişdir.

Üç günlük səfərdə ona şahid olduq ki, 5 əsrlik ənənəyə dayanan Mesir Məcunu festivalı manisalıların həyatında önəmli yer tutur və bunu bütün qonaqlara anlatmağa çalışırdılar. Hafsa Sultanın Merkez Efendiyə bəraət verməsinin təmsili və ənənəvi Mesir Macunu paylama tədbiri həm də bir həmrəylik bayramı kimi qeyd olunurdu. Qonaq olduğumuz Saruhan hotelin foyesində nümayiş etdirilən sərgi də bu baxımdan maraqlı idi. Xüsusilə karikaturaların müəllifi İbrahim Atabeyin hər gün foyedə sərgi barədə məlumat verməsi gözümüzdən yayınmadı. Tablolarda xəstə insanın qoluna dərman əvəzinə Mesir məcunundan iynə vurulması, mətbəxdə siçanların pendirlərin üzünə baxmadan Mesir Məcununa hücum çəkməsi, ağacın Mesir barı gətirməsi, uşaqlıqda hamımızın dostu olan cizgi filmi qəhrəmanı Temel Reisin əlindən ispanağı alınıb Mesir verilməsi, “Mesir sağlıqdır!” şüarları Manisalıların öz adət-ənənələrinə yanaşma tərzini açıq ortaya qoyurdu.

Manisanın hər addımında tarix gizlənib. Hər küçəsində Tarzanın (şərəfinə dağlarda maketini qoyduqları Tarzan manisalıların dediyinə görə, her evin pəncərəsinə ovuc-ovuc gül toxumu qoyarmış ki, hamı gül əksin. Beləcə Manisa həm də gül-çiçəyə və yaşıllığa bürünərmiş – N.N.) bar-bərəkəti göz oxsayırdı.

Üç günlük səfər çərçivəsində tanıdığımız, gördüyümüz bir Manisa hekayəti beləcə sona yetdi. Küçələrini sülh, əmin-amanlıq, barış şüarları bəzəyən Manisa, damarlarında türk qanı dolaşan, üzlərindən qardaşlıq, dostluq yağan əziz manisalılar öz xalqsevərliyi ilə yaddaşımızda dərin iz buraxdı.

Üç günlük səfər bir daha onu sübut etdi ki, türk dünyası görüşləri, festivalları olduqca önəmlidir. Getdik, gördük və istəyirik ki, daha çox insan məlumatlansın. Səfər boyunca bizi tək qoymayan azərbaycanlı tələbələrin özlərini elə vətəndə hiss etməsi, xalq, türklük naminə birlik olması da bizi qürurlandırdı.

Manisa qonaqpərvərliyi ilə seçilən şəhərdir

Nəsibə Nəsibqızı qırğız sənətçilərlə
Nəsibə Nəsibqızı qırğız sənətçilərlə

Manisalılar yalnız süfrələrini deyil, könüllərini bizə açdılar. Baxmayaraq ki, Manisa Valiliyi və Manisa Bələdiyyəsi tədbirə ev sahibliyi edirdi, digər türk topluluqlarından gələn qardaşlarımız da vardı. Azərbaycanın dövlət müstəqilliyini ilk tanımış ölkədə türk topluluqları ilə birgə qədim türk ənənələrini öyrənmək, adətlərini birgə sərgiləmək olduqca qürurverici idi.

Necə gözəl an idi ki, azərbaycanlı tələbələrimizlə qardaş ölkədə, əlimizdə qardaş bayraqlar, qəlbimizdə dostluq Cümhuriyyət meydanında addımlayırdıq. Bu səfər və görüşlər bir daha dünyaya car çəkdi ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir.

Mission News Theme by Compete Themes.