Press "Enter" to skip to content

Qardaş Türkiyənin teatrı təltif edildi

Çay süfrəsində söhbət

Son yeniləmə: 8 May 2024 22:31

BAYRAQDAR MEDİA – Mayın 8-də qardaş Türkiyənin Trabzon Sənət Teatrı ilə görüşdə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov qonaq aktyor truppasına jurnalistlərin iştirakı ilə çay süfrəsi ətrafında İttifaqın Fəxri fərmanını və hədiyyələrini təqdim edib.

Çıxışında Hacı İsmayılov uğurlu təqdimata görə truppanı təbrik edib. O, Teatr Xadimləri İttifaqının tarixi keçmişinə toxunaraq qonaqlara İttifaq haqqında məlumat verib.

Görüşdə Trabzon Sənət Teatrının bədii rəhbəri Necati Zenginə də İttifaqın fəxri fərmanı və hədiyyəsi təqdim olunub.

Necati Zengin bildirib ki, “Bakıya ilk dəfədir gəlirik. Yaxşı ki, bu tamaşanı səhnələşdirdik. Mən çox xoşbəxtəm. Hər kəsi təbrik edirəm. İnanın səmimiyyətimə, bu qədər gözəl qarşılanacağımızı təxmin etməmişdim. Ümid edirəm ki, davamlı olaraq bu layihələr həyata keçirilər və bu görüşlər davamlı olar”.

Sonra isə Əməkdar incəsənət xadimi, filosof, dramaturq Firuz Mustafanın “Neytral zona” (“Tarafsız bölge”) tamaşasının uğurlu qurluşuna görə rejissor Cemre Can Avcıya Teatr Xadimləri İttifaqının Fəxri fərmanı və hədiyyəsi təqdim olunub.

Cemre Can Avcı bildirib ki, “hansı mağazaya, restorana getsək, bizi yad ölkə vətəndaşı kimi qarşılamadılar. Əslində biz öz ölkəmizdəkindən də isti qarşılanma gördük. Azərbaycan xalqına təşəkkür edirəm. Bura gəlməzdən öncə tamaşanın anlaşıqlı dildə olmamasından narahat olduq. Düşündük ki, oyun başa düşülməyəcək, xırda nüanslarla bağlı problem yaşanacaq. Buraya gələndə gördük ki, Azərbaycan xalqının teatr mədəniyyəti çox yüksəkdir. Tamaşanın hər saniyəsini böyük bir həvəslə izləyirdilər. Tamaşaçılar ən kiçik bir şeyə reaksiya verirdi. Səhnələrdə tamaşaçılar emosional enerjilərini hiss etdirirdilər. Burada olmaq bizim üçün böyük şərəf və xoşbəxtlikdir”.

Tamaşanın uğurlu təqdimatına görə geyim rejissoru Lalə İsgenderoğluya İttifaqın Fəxri fərmanı və hədiyyəsi təqdim olunub.

Trabzon Sənət Teatrının aktyoru Haktan Özkan İttifaqın Fəxri fərmanı ilə təltif olunduqdan sonra bildirib ki, “diqqətimi çəkən, məndə güclü hislər yaradan bir hadisəyə toxunmaq istəyirəm. Azərbaycana gələndə Cemre bəydə olduğu kimi dil ilə bağlı narahatlığım var idi. Düşünürdüm ki, bizi nə qədər başa düşə biləcəklər? Necati bəy və digər dostlar dedilər ki, Azərbaycan xalqı türk dilinin 70 faizini anlayır. Dil iki dövlət arasında körpüdür. Mən belə möhkəm körpü gözləmirdim. Mən çox məmnunam. Bir az peşmanam. Kaş mən də Azərbaycan xalqının danışdığı dilin 70-80 faizini anlaya bilsəydim”.

Teatr Xadimləri İttifaqının Fəxri fərmanı tamaşanın əsas heyətində olan aktyorlar Kevser Nur Yılmaz, Süleyman Sırtkaya, Mete Aslan, Serkan Serbest, Seymen Ali Pervanoğluya da təqdim olunub.

Qeyd edək ki, mayın 6-7-də Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində qardaş Türkiyənin Trabzon Sənət Teatrı filosof, dramaturq Firuz Mustafanın “Neytral zona” pyesi əsasında səhnələşdirdikləri “Tarafsız bölge” tamaşası ilə Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edib.

Azərbaycan və Türkiyə mədəniyyəti üçün gözəl hadisə

Mission News Theme by Compete Themes.