Son yeniləmə: 8 May 2024 12:50
BAYRAQDAR MEDİA – Mayın 6-7-də Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində qardaş Türkiyənin Trabzon Sənət Teatrı Bakı tamaşaçılarının qonağı olub.
Teatrın yaradıcı heyəti Əməkdar incəsənət xadimi, filosof, dramaturq Firuz Mustafanın “Neytral zona” pyesi əsasında səhnələşdirdikləri “Tarafsız bölge” tamaşası ilə Teatr Xadimləri İttifaqının səhnəsində çıxış edib.
Nümayişdən öncə İttifaqın sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov qardaş ölkənin teatr xadimlərini və tamaşaçıları salamlayaraq “Qonaq teatr” layihəsi haqqında məlumat verib. Xalq artisti çıxışı zamanı qeyd edib ki, məqsəd Azərbaycan-Türkiyə mədəni əlaqələrini inkişaf etdirməkdir. O, həmçinin Trabzon Sənət Teatrının tarixi haqqında da danışıb. Bildirib ki, Necati Zenginin rəhbərliyi ilə yaranan Teatrda bugünədək istər türk ədəbiyyatından, istərsə də dünya dramaturgiyasından bir çox əsərlər səhnəyə qoyulub.
Ardınca “Tarafsız bölge” tamaşası nümayiş olunub.
Nümayişin ikinci günü bu təşəbbüsün necə yaranması haqqında F.Mustafa BAYRAQDAR MEDİA-ya danışıb: “Bildirim ki, mənim Türkiyədə indiyə qədər bir neçə kitabım çap olunub. Həmçinin başqa bir pyesim də orada digər teatrda səhnəyə qoyulmuşdu. Daha sonra Necati bəy bir pyesi də səhnəyə qoymaq istədiyini dedi. Ardınca mən kitabı onlara göndərdim. Onlar da “Neytral zona” pyesinə əsasən tamaşanı hazırladılar və artıq keçən ilin oktyabr ayında premyera oldu. Premyerada mən də iştirak etdim. Daha sonra isə bizim Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı Trabzon Sənət Teatrını Bakıya dəvət etdi və həmin tamaşa, yəni “Tarafsız bölge” Bakıda nümayiş olundu. Bu gün də tamaşanın ikinci günündəyik”.
F.Mustafadan sonra Trabzon Sənət Teatrının bədii rəhbəri Necati Zengin də BAYRAQDAR MEDİA ilə tamaşanın ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb: “Mən uzun illərdir Azərbaycanın teatr tarixi, mədəniyyəti haqqında tamaşa hazırlamaq istəyirdim. Həm də Azərbaycanın bir çox teatr xadimi ilə yaxın münasibətlərim vardı. Trabzon Teatr Festivalına da Azərbaycan teatrı gəlmişdi. Azərbaycanın tanınmış aktyoru Sabir Məmmədov mənim dostumdur. Mən ondan tamaşa istədim, o da Firuz bəyin mənə bir neçə əsərini göndərdi. Mən “Neytral zona” əsərini on səhifə oxudum və onu seçdim. Ondan sonra əsəri türkcəyə uyğunlaşdırdıq. Onu da deyim ki, əsəri uyğunlaşdıran dostumuz Abdulkadir Özkan Kahramanmaraş-Hatay zəlzələsində həlak oldu. O, əsəri tərcümə edəndən sonra biz məşqlərə başladıq. Oktyabr ayında isə tamaşanın premyerası oldu. Firuz bəy də gəldi, sağ olsun, tamaşanı izlədi, bəyəndi. Bakıda nümayişə gələndə isə bu da Hacı bəyin sayəsində oldu və artıq bu gün tamaşanın nümayişinin ikinci günündəyik. Düşünürəm ki, bu, Azərbaycan və Türkiyənin mədəniyyət, sənət bağı baxımından gözəl hadisədir. Biz Bakıda çox gözəl qarşılandıq. İzləyicilər tamaşanı çox bəyəndilər. Çox xoşbəxtik”.
Qeyd edək ki, səhnə əsəri Azərbaycan tamaşaçılarının marağına səbəb olub və alqışlarla qarşılanıb. Həmçinin N.Zengin və F.Mustafa İttifaqın fəxri fərmanı ilə təltif olunub.