Press "Enter" to skip to content

6 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti

Son yeniləmə: 8 May 2024 11:06

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı tədbirlər davam edir

BAYRAQDAR MEDİA – Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda ünvan qeydiyyatına alınmadan və viza müddətindən artıq (qanunsuz) yaşayan 6 əcnəbi saxlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, “həmin şəxslərin xaricdə turizm xidmətləri göstərən həmvətənləri tərəfindən 1000-1800 dollar qarşılığında Azərbaycanda işlə təmin etmək vədi ilə aldadaraq ölkə ərazisinə gəlmələrinin təşkil olunması müəyyən edilib. Əcnəbilər ölkəmizdə yaşayan, ali təhsil müəssisələrinin birində əyani təhsil alan digər həmvətənləri tərəfindən qarşılanaraq müxtəlif ünvanlarda yerləşdirilib”.

Məlumata görə, onlardan 3 nəfərin iş icazəsi əldə edilmədən tikinti işlərinə cəlb olunduğu, digər 3 nəfərin isə iş icazəsi almaq vədi ilə aldadılaraq pasportlarının alındığı, şikayət edəcəkləri təqdirdə, həbs olunacaqlarına dair təhdid edildiyi müəyyən edilib: “Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib”.

O da vurğulanıb ki, ümumilikdə, 2024-cü ilin aprel ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 785 əcnəbi saxlanılıb: “Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 202 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 1598 inzibati qərar qəbul edilib”.

Xəbərdə bildirilir ki, vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.