BAYRAQDAR MEDİA – Qardaş ölkənin ali məktəblərində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək dili və ədəbiyyatı fakültəsində təhsil alan yuxarı kurs tələbələri və magistrlər üçün azərbaycan dili və ədəbiyyatı mövzusunda mühazirələrin oxunmasına başlanılıb.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “Mərkəzin inspektoru, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadənin mühazirələrində Azərbaycan ədəbiyyatı tarixi haqqında ətraflı məlumat verilərək mövzu ilə bağlı tələbələrdə ümumi təsəvvür yaradılmağa çalışılıb. Bundan əlavə mühazirələrdə Azərbaycan şifahi xalq ədəbiyyatı, klassik ədəbiyyat, XX əsrin əvvəlləri və müasir dövr Azərbaycan ədəbiyyatı haqqında məlumatlar verilərək türk xalqlarının ədəbiyyat tarixi, ümumi Şərq ədəbiyyatının və ümumdünya ədəbiyyatından qaynaqlanan ortaq dəyərlər haqqında da söhbət açılaraq Azərbaycan ədəbiyyatının özbək ədəbiyyatı ilə müqayisəli şəkildə təhlili də edilib”.
Məlumata görə, tələbələr üçün mühazirələrin builki tədris ilinin sonuna qədər davam etdirilməsi və növbəti tədris ilində də aparılması planlaşdırılır.