BAYRAQDAR MEDİA – 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanım” Beynəlxalq VII Uşaq və gənc rəsm festival çərçivəsində elan olunmuş müsabiqənin sərgiləri 13, 14, 15, 16, 17 may tarixlərində növbəli şəkildə Xətai Sənət Mərkəzində (XSM) açılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə bildirilir ki, “akvarel texnikasında mövzusu güllər olan müsabiqəyə 2 min 500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşı qatılıb. Sərgilərdə ümumilikdə 800-ə yaxın əsər sərgilənəcək. Bir iştirakçıdan bir əsər prinsipini əsas tutaraq bəzi iştirakçıların 2 və ya 3 əsərinin seçilməsinə baxmayaraq bir əsəri sərgilənmək üçün seçilib”.
Daha sonra xəbərdə, “sərgilənəcək əsərlər mayın 10-dək çərçivələnmiş vəziyyətdə Mərkəzin ikinci mərtəbəsinə təhvil verilməlidir. Əsərin sərgilənəcək günü Mərkəzdə təyin ediləcək. Seçimlər əvvəlcədən elan olunmuş münsiflər heyəti tərəfindən onlayn olaraq bal qiymətləndirilməsi ilə aparılır. Sərgilər yaş kateqoriyası ilə keçiriləcək. Xarici vətəndaşların əsərləri Mərkəz tərəfindən çərçivələnərək sərgilənəcək. Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq” deyə qeyd edilir.
Həmçinin sərgilərdən hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, sərgi Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi (ETN) , Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV), Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası (ADRQ), XSM, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə keçiriləcək.