Son yeniləmə: 10 May 2024 00:08
Dr. Beycan İlyas: 16 illik fasilədən sonra yenidən parlamentdə iki mandat qazanmağı hədəfləmişik
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Quzey Makedoniyada maraqlı siyasi proseslər cərəyan etməkdədir. Söhbət seçkilərdən gedir. Aprelin 24-də bu ölkədə prezident seçkilərinin birinci turu keçirildi. Mayın 8-də isə həm prezident seçkilərinin ikinci turu, həm də parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə yerli türklər də parlamentə düşmək üçün mübarizə aparır.
Ümumiyyətlə, bu ölkədə türklərin 3 partiyası fəaliyyət göstərir. Bunlar Türk Demokrat Partiyası (TDP), Türk Hərəkat Partiyası (THP), Türk Milli Birlik Hərəkatıdır.
Onu da vurğulayaq ki, bu gün Quzey Makedoniyada türklər siyasi proseslərdə xüsusi fəallıqları ilə fərqlənirlər.
Elə Türk Demokrat Partiyasının sədri Dr. Beycan İlyasın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində də bu və digər məsələlərdən bəhs etdik.
Türk Demokratik Birliyindən Türk Demokrat Partiyasına aparan yol
Öncə partiyanın yaranma tarixindən bəhs edən Dr. B.İlyas dedi ki, Makedoniya siyasətinin ən qədim partiyalarından biri olan Türk Demokrat Partiyası həm də Quzey Makedoniya türklərinin qurduğu ilk siyasi təşkilatdır.
Onun sözlərinə görə, “Türkiyə Demokratik Birliyi” adı ilə qurulan bu təşkilatın 1990-cı ildə siyasi partiyaya çevrilməsi dövrün siyasətçiləri tərəfindən zərurət kimi qəbul edilmişdir: “Çünki bu təşkilatın uğur qazanma şansı yox idi. Ona görə də mövcud qanunlara əsasən parlament seçkilərində seçki sisteminə görə təşkilatımız 1992-ci ildə siyasi partiyaya çevrildi. Siyasi partiyaya çevrilmək ideyası Türk Demokratik Birliyinin 22 fevral 1992-ci ildə Tetovoda keçirilən parlament iclasında böyük dəstək aldı. İki ay sonra, 1992-ci il aprelin 19-da Kırçovada keçirilən Türk Demokratik Birliyinin mərkəzi məclisində Birliyin ikinci fövqəladə qurultayının təşkili haqqında yekun qərar qəbul edildi. Bu dövrdə Türk Demokratik Birliyinin əksər qollarında siyasi partiyaya çevrilmək ideyası dəstəkləndi. İkinci növbədənkənar qurultay 1992-ci il iyunun 22-də Skopye Xalq Teatrında keçirildi. Bir gün davam edən qurultayda 208 nümayəndə və yerli və xaricdən çoxlu qonaq iştirak edirdi.Bu günə kimi on qurultayını keçirən partiyanın beşinci sədri seçilib. Bu müddət ərzində mən ikinci müddətə sədr kimi fəaliyyət göstərirəm”.
Makedoniyadakı türk siyasətinin gövdəsi Türk Demokrat Partiyasıdır
TDP-ni digər partiyalardan fərqləndirən xüsusiyyətlərindən də bəhs edən Dr. Beycan İlyas, “Makedoniyadakı türk siyasətini bir ağac kimi düşünsək, Makedoniyadakı türk siyasətinin gövdəsi Türk Demokrat Partiyasıdır. Bizi digər türk partiyalarından fərqləndirən ən mühüm xüsusiyyət, şübhəsiz ki, xalqımızın bizə verdiyi dəstəkdir. Partiyamız nizamnaməyə əməl etmək baxımından da seçilir. Oyunu qaydalara uyğun oynayırıq” deyib.
O, həmçinin “bu günə kimi 10 qurultayı keçirilən, 5 dəfə sədri seçilən TDP, türklərin yaşadığı bir çox bölgədəki təşkilatları, gənclik qolları, qadın qolları, daxildə və xaricdə bir çox partiyalarla əlaqələri kimi bir çox cəhətdən digər partiyalardan fərqlənir” deyib.
32 ildir fəaliyyət göstərən TDP Quzey Makedoniya türklərinin hüquqlarının qorunmasını əsas prinsip sayır
Onun sözlərinə görə, TDP 32 ildir ki, həm partiya nizamnaməsi, həm də partiya proqramı çərçivəsində Makedoniya türklərinin bütün hüquq və ehtiyaclarını qarşılamaq üçün fəal rol oynayır: “TDP-nin proqramı Quzey Makedoniyadakı bütün türk xalqının hüquq və qanunlarının qorunmasına əsaslanan proqramdır. Ölkəmizin strateji əhəmiyyətli nöqtələri olan AB və NATO-ya üzvlüyün dəstəklənməsi də proqramımıza daxildir. Ana Vətən Türkiyə ilə əlaqələrə də xüsusi önəm verildi. Atatürk prinsiplərinə, islahatlara bağlılıq da proqramımızın tərkib hissəsidir. Maraqlananlar saytımızda partiyamızın proqramını açıb baxa bilərlər”.
TDP qarşısına hər zaman parlament partiyası olmaq məqsədini qoyub
Mayın 8-də keçiriləcək parlament seçkilərindəki hədəfə gəlincə Dr. B.İlyas deyib ki, ümumiyyətlə TDP qarşısına hər zaman parlament partiyası olmaq məqsədini qoyub: “Biz qanunların tətbiqi prosesində iştirak etməliyik. Biz çox yaxşı bilirik ki, xüsusilə millətimizi narahat edən qanunların parlament prosesində söz sahibi olmalıyıq. Bəzən partiyalarla seçkiqabağı müttəfiqlik danışıqlarımızda bizə deputat mandatı əvəzinə nazirliklər, müxtəlif vəzifələr təklif olunur. Biz bu təklifləri rədd edirik. Biz həmişə buna inanmışıq; Türk Demokrat Partiyası parlament daxilində türklərin hüquqlarını və qanunlarını qorumalıdır. Kənardan gələn istənilən təklifə açıq olmağımızdan söhbət gedə bilməz”.
Biz bunu xalqın öhədisnə buraxmışıq
“Konkret olaraq mayın 8-ə gəlincə qeyd edim ki, həmin gün prezidetn seçkilərinin ikinci turu və parlament seçkiləri keçiriləcək. Öncə prezident seçkilərinin ikinci turu ilə bağlı mövqeyimizi ifadə etmək istəyirm. İlk turda bizim də iştirak etdiyimiz Avropa Cəbhəsi Alyansı Dr. Biz Buyar Osmanini dəstəklədi. Ancaq seçkilərin ikinci turuna iki nəfər keçdi. Bunlar hakim SDSM-dən Stevo Pendarovski, ana müxalifət olan VMRO-DPMNE-nin dəstəyini alan Qordana Silyanovska Davkovadır. Avropa Cəbhəsi ikinci turda konkret hansısa namizədi dəstəkləmək haqqında qərar qəbul etməyib. Biz bunu xalqın öhədisnə buraxmışıq” deyə Dr. Beycan İlyas əlavə edib.
TDP ümumilikdə 13 namizədlə mübarizəyə qoşulub
Parlament seçkilərinə gəlincə, TDP Avropa Cəbhəsi Alyansı daixlində mübarizəyə qoşulmuşuq: “TDP ümumilikdə 13 namizədlə mübarizəyə qoşulub. Quzey Makedoniyada 6 seçim bölgəsi var və həmin seçim bölgələrində partiyamızın namizədləri aşağıdakı formada mübarizə aparacaqlar. Bəndəniz, yəni mən altıncı seçki bölgəsində 5-cı sıradan namizədəm. 5-ci seçki bölgəsi 5-ci sıradan namizəd Doç.Dr. Fehmi Skender, 4-cü seçki bölgəsi 1-ci sıradan namizəd Enver Hüseyin, 4-cü seçki bölgəsindən digər namizədlərimiz Sibel Arifova, Selman Yusufov, Necla Mustafova, Osman Useinov, Orhan Barov, Fatime Liman ve Bilent İsinov, 3-cü seçki bölgəsi 4-cü sıradan namizəd Deniz Ali və 1-ci seçki bölgəsi 8-ci sıradan namizəd Şeval Nuredindir”.
Dr. Beycan İlyas 16 illik fasilədən sonra yenidən parlamentdə iki mandat qazanmağı hədəfləndiklərini deyib: “Seçkilərdə əsas hədəfimiz 16 ildən sonra yenidən parlamentdə 2 mandat əldə etməkdir. Yəni hədəfimiz bir millət vəkili ilə təmsil olunduğumuz ötən parlamentdən fərqli olaraq bu dəfə iki mandat qazanmaqdır. Bunun üçün bütün gücümüzü ortaya qoymuşuq. Mövcud durum, xalqın dəstəyi, keçirdiyimiz görüşlərdən gəldiyimiz nəticə onu deməyə əsas verir ki, biz öz hədəfimizə çatacağıq”.